Məhkəmə qərarları › İş №3(003)-1862/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1862/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1862/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yerləşən evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6382/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs və X3 müştərək qaydada qətnamənin icra olunduğu gün manatla məzənnəsi ilə hesablanmaqla 32000 ABŞ dolları məbləğində pul, 50 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumu alınaraq X4 verilməlidir. Şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmə hökmünə əsasən 1 il azadlıqdan məhrum edilmişdir. Hazırda 28558 ABŞ dolları məbləğində borc təşkil edir. 2024-cü ildə hər ay 150 manat məbləğində Şəxs tərəfindən ödənişlər aparılır. Lakin tələbkar borcun tam ödənilməsini tələb edir, Şəxs isə borcun tam ödənilməsindən imtina edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, azadlıqdan məhrum edilməsindən əvvəllər rəsmi qaydada iş yeri olmuş və yaxşı əmək haqqı almışdır. Hazırda isə məhkumluğuna görə özünə yaxşı iş yeri tapa bilmir. İcra sənədinə əsasən qardaşı ilə birlikdə hər ay hər biri 150 manat ödəmişlər. Lakin qardaşı hazırki icra sənədi üzrə tələbi yerinə yetirmədiyinə görə məhkum edilmişdir. Ona görə o, icra sənədi üzrə borcu tək ödəyir. Hazırda fəhlə işləyir və günə 25 manat qazanc əldə edir. Növbəti ayda qardaşı azad olunacaq və hər ay 300 manat ödəniş edəcəklər. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6382/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələbi icra etməməsi səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6382/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs və X3 müştərək qaydada qətnamənin icra olunduğu gün manatla məzənnəsi ilə hesablanmaqla 32000 ABŞ dolları məbləğində pul, 50 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumu alınaraq X4 verilməlidir. -Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli icra hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Həmçinin iş materiallarından görünür ki, əvvəllər icra sənədi üzrə tələbin yerinə yetirilməsi Şəxs tərəfindən ümumiyyətlə imtina edilmişdir. İcra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olubolmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra sənədi üzrə tələbin icra edilməməsinin səbəbi isə maddi qazancının az olmasından ibarətdir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Eyni zamanda icra sənədi üzrə tələbinin ödənilməsi üçün ayda 150 manatın ödənilməsini məhkəmə üzürlü hal kimi qəbul edilməsini əsassız hesab edir. Belə ki, bu halda icra sənədi üzrə ödənilməli olan pul məbləği nəzərə alındıqda icra sənədinin uzun illərdən sonra icra olunması ilə nəticələnəcəkdir. Bu hal həm qanunvericiliyin, həmdə icra sənədi üzrə tələbkarın maraqlarına ziddir. İcra sənədi on ilə yaxın bir müddətdə icra edilməmiş qalmışdır ki, bu qanuni məhkəmə qətnamasənin sadəcə kağız üzərində qalması ilə nəticələnmişdir. Həmçinin məhkəmə, Şəxs tərəfindən ayda 150 manat ödənilməsini icra sənədi üzrə tələbin vaxtında və lazımi qaydada yerinə yetirilməsindən yayınması kimi qəbul edir. Belə ki, işin hallarından görünür ki, uzun illər ərzində icra sənədinin yerinə yetirilməsi üçün onun tərəfindən hər hansı bir addım atılmamış, əksinə icra sənədi üzrə tələbin yerinə yetirilməsindən imtina edilmişdir. Yalnız barəsində hazırki icra sənədi üzrə tələbinin yerinə yetirilməməsinə görə cinayət məsuliyyətinə cəlb edildikdən sonra ayda 150 manat ödəniş edilməsi barədə onun tərəfindən hərəkətlər edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə tələbin yerinə yetirilməməsi üçün üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, məsuliyyətini yüngülləşdiriən halların olmamasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X6 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar