Məhkəmə qərarları › İş №3(003)-1871/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1871/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1871/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X6 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilməyərək bildrmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra evin həyətə olan qapısını açmış və qapını açdıqda həyətin bağ hissəsində qardaşının həyat yoldaşını uzanmış və əlləri, ayaqları yığılmış vəziyyətdə görmüşdür. Bu zaman köməyə bacısı X2 çağırmış və epilepsiya xəstəliyi olan Arzunu ayağa qaldırmışlar. Arzu ayağa qalxdıqdan sonra onunla qeyri-adekvat rəftar etməyə başlamış və onu tutduracağını bildirmişdir. Arzu evə keçdikdən sonra qardaşı onun üzərinə yumruğun sıxıb gələrək arvadını niyə o hala saldığını soruşmuş və o, əksində olaraq Arzu tərəfindən nalayiq rəftara məruz qaldığını bildirmişdir. Hadisə zamanı Arzuya heç bir xəsarət yetirmədiyini bildirən Şəxs onun barəsində qeyd olunanların şər və böhtan olduğunu qeyd edərək izahatını tamamlamışdır. Hazırkı hadisəyə qədər Arzu ilə aralarında hər hansı bir münaqişə olmamışdır. Onlar bacısı Səadət və qardaşı Səbuhi ailəsi ilə birlikdə bir evdə yaşayırlar. Arzunun üzərində olan qançırlardan onun xəbəri yoxdur. Onun tərəfindən Arzuya hər hansı bir xəsarət yetriliməmişdir. Əgər onun üzərində hansısa qançır vardırsa da, həmin qançır onun tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirmişdir ki, X7 ilə 2013-cü ildə ailə həyatı qurmuş və birgə evlilikdən 3 övladı vardır. Evləndikləri gündən baldızı Şəxs onlarla eyni ünvanda yaşayır. Birgə yaşadıqları müddət ərzində aralarında dəfələrlə mübahisələr yaranmışdır. xx.xx.2022-ci il tarixdə o, yaşadığı ünvanda paltaryuyan maşında uşaqların paltarını yumuş, bu zaman Ruhəngiz gəlib ondan paltaryuyan maşının nəyə görə işə saldığını soruşmuş, o, uşaqların paltarını yuduğunu bildirsə də, Ruhəngiz ondan maşını söndürməsini və işlətməməsini tələb etmişdir. Bu zaman onlar arasında mübahisə yaranmış və mübahisə zamanı baldızı Ruhəngiz əlləri ilə onu vurmuş və dırnaqları ilə bədəninin müxtəlif nahiyyələrindən qəsdən cırmaqlayaraq bədən xəsarəti yetirmişdir. Bu vaxt həyat yoldaşı səsküyə gəlmiş və DİN-in “102” xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, X10 ilə ailəlidir və onların birgə nikahlarından üç övadları vardır. O ailəsi ilə birlikdə və bacıları Ruhəngiz və Sevda ilə bir evdə yaşayırlar. Onun həyat yoldaşı ilə bacıları arasında tez-tez mübahisə olurdu. Mübahisəyə səbəb olaraq elektrik enerjisindən istifadə edilməsi, yəni tozsoran, paltaryuyan maşının istifadəsi ilə bağlı yaranırdı. Hadisə günü o, öz yataq otaqlarında yatmışdır. Sonra onun oğlu və ondan sonra həyat yoldaşı Arzu təlaş içində yataq otağına daxil olmuş və onun paltarında ciriqlar olduğu və üzərində qançır izlərinin olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda bunun Ruhəngiz tərəfindən edildiyini bilmişdir. Bundan sonra o “102 xidməti”nə bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, mətbəxə yemək yemək üçün gedərkən, o görmüşdür ki, qardaşı Səbuhinin arvadı Arzu qıc olaraq yerə uzanılı vəziyyətdə qalmışdır. O bacısı Ruhəngiz ilə birlikdə ona kömək etmək üçün getmişdir. Lakin bu zaman Arzu ona və bacısına qarşı təhqir ifadələr işlətmişdir. Bu hadisədən sonra qardaşları Çingiz onların stünə gələrək Arzunu niyə döydüyünü Ruhəngizdən soruşmuşdur. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X8 bildirmişdir ki, tərəflər arasında münaqişə olduğu üçün “102 xidməti”nə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Həmin qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin ailə daxilində əvvələrdə münaqişələr olmuşdur. Münaqişəli ailə kimi qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır; cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 1446 nömrəli rəyində X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol körpücüküstü nahiyyənin, sağ süd vəzisinin, sol əlin sıyrıqları, sağ bazunun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X4 bədən səthində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. 29 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, X9 Şəxs tərəfindən döyülərək dərəcəsi təyin edilməmiş xəsarət yetirilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 noyabr 2022-ci il tarixli qərarda Şəxs X6 döyməsi faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar