Məhkəmə qərarları › İş №3(003)-1913/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1913/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1913/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X4 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mərdəkan qəsəbəsindən Badamdar qəsəbəsində yerləşən xəstəxanaya gedərək işıqforun siqnalına fikir vermədən hərəkəti davam etdirmiş və bu səbəbdən yol-nəqliyyat hadisəsi baş vermişdir. Onun idarə etdiyi avtomobildə ailəvi dostluq münasibəti olan Zərərçəkmiş şəxs3 olmuşdur. Ayan Musatafayeva hamilə olduğundan onu xəstəxanaya çatdırmaq istəmiş və bu səbəbdən həyacanlı olmuşdur. Zərərçəkmiş şəxs3 ilə əlaqəsi var, sağlamdır və uşağı olmuşdur. İş üzrə digər zərərçəkmiş şəxslərlə isə hadisədən sonra əlaqəsi olmamışdır. Hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alınaraq məhkəmədən ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Changan” markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində göstərilən maddələrlə inzibati təsir tədbirlərin görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X7 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs idarə etdiyi “Changan" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən işıqforun qadağanedici işığında dayanmadan avtomobil ilə hərəkətini davam etmiş və bu zaman işıqforun yaşıl işığında hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Camry” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq etməklə, yol nəqliyyat hadisəsi törətmişdir və hadisə zamanı nəticədə Şəxs, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1055 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ dizin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 5-6 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1038 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1960-cı il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ süd vəzinin, sol dizin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ çiyin-bazu oynağının yumşaq toxumalarının əzilməsi əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X5” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1037 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət- ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çiyin oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X5” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 2/4686 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri dəymişdir. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini məhkəmə, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar