Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1919/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Atakişili Ərazi Dairəsi, Atakişili kəndində qeydiyyatda olmaqla Xəzər rayonu Binə qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 20 iyul 2025-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Dərələyəz” restoranında xırda xuliqanlıq edərək ictimai asayişi pozmuş və polis şöbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən 20 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Dərələyəz” restoranın sahibi zəng edərək müştərilər arasında mübahisə yarandığını, onların bir-birlərini söyərək təhqir etdiklərini bildirmişdir. Polis əməkdaşları həmin ünvana yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsləri ictimai asayişi pozmamağa və nizam-intizama dəvət etmişdirlər. Buna baxmayaraq sonuncu nalayiq söyüşlər söyməyə davam etmişdir. Onlar təkrarən vətəndaşı nizam-intizama dəvət etsələr də, o, onların qanuni tələblərinə yenidən məhəl qoymayaraq nalayiq ifadələr işlətmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Dərələyəz” restoranında içkili halda xalası oğlu ilə mübahisə etmiş, hadisə yerinə çağrılmış polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. O, məhkəmədən təqsirini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül tənbeh verilməsini xahiş etdi. Müvafiq inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan 20 iyul 2025-ci il tarixli 016934 saylı tutma haqqında protokoldan görünür ki, Şəxs 20 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-1919/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1919/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver