Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1926/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunun Kürdəmiş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru X2 izahatında bildirdi ki, Formula-1 ilə əlaqədar dövlət əhəmiyyətli tədbir keçirildiyindən hava limanının Terminal-1-dən gələn qonaqlara maneələr törədilməməsi və orada səs-küy olmaması səbəbindən həmin terminalın qarışısında olan dayanacağa giriş bağlanmışdır. Belə ki, dayanacağının girişində post-patrul avtomobil saxlanılaraq giriş məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 09:35-də Heydər Əliyev adına Beynəlxalq hava limanına Şəxs avtomobil ilə gələrək həmin dayanacağının girişində dayanmış post-patrul xidməti avtomobilinin yayında dayanaraq davamlı olaraq siqnal vermişdir. Digər post-patrul xidməti avtomobili dayanacağın yanında olan yoldan keçəndə post-patrul xidmətinin əməkdaşları siqnalı eşitdiklərindən avtomobili dayandırırlar və ondan məsələ ilə bağlı soruşmuşlar. Şəxs post-patrul xidməti avtomobilin orada dayanmasının səbəbini soruşduqda post-patrul xidməti avtomobilində olan polis əməkdaşı Orxan Seyidov avtomobilin qapısını açaraq oranın bağlı olduğunu və digər yoldan istifadə etməsini söyləmişdir. Bundan sonra həmin post-patrul xidməti əməkdaşları Terminal-1 qarşısında dayanmışlar və oraya postlara təyinat aparılması üçün manqa komandiri oraya gəlmişdir. Bu ərəfədə Şəxs avtomobili başqa yerdə dayanacaqda saxladıqdan sonra piyada gəlib post-patrul xidməti əməkdaşlarına yaxınlaşmış və onlardan onunla danışan şəxsin kim olduğunu soruşmuşdur. Bu zaman post-patrul xidmətinin əməkdaşı Orxan Seyidov özünü təqdim edərək onunla danışan şəxs olduğunu bildirmişdir. Şəxs ona irad bildirərək post-patrul xidməti avtomobilin orada hansı səbəbə görə dayandığını və onunla niyə qışqıra-qışqıra danışdığını bildirmişdir. Orxan Seyidov cavab hər ikisi avtomobildə olduqlarından səsinin eşidilməsi üçüm yüksək səslə daşıdığını bildirmişdir. Bundan sonra Nihad ondan xidməti vəsiqəsini ona verməsini tələb etmişdir. Bu zaman orada olan manqa komandiri Nihaddan hansı səbəbə görə əməkdaşdan vəsiqəsinin tələb etməsini soruşmuş, Nihad isı həmin əməkdaşdan şikayət etmək istədiyini bildirmişdir. Bundan sonra onların arasında yüngül insident baş vermiş, daha sonra Nihaddan uzaqlaşmasını tələb etmişlər, Nihad bir az getdikdən sonra geri qayıdaraq post-patrul xidməti əməkdaşlarına barələrində şikayət edəcəyini, tədbir görəcəyini bildirmişdir. Bu hərəkətləri ilə Nihad post-patrul xidməti əməkdaşlarının xidməti fəaliyyətinə maneçilik törətmişdir. Hadisə ilə bağlı isə post-patrul xidməti əməkdaşı rəhbərliyə məlumat verməmişdir. Belə ki, keçirilən tədbirlə bağlı hava limanında bütün əməkdaşlar xidməti postlara təhkim olmuşlar və rəhbərliyinin göstərişi olmuşdur ki, tədbir keçiriləcəyi müddəti mümkün qədər idarəyə vətəndaşlar gətirilməsin. Ona görə əməkdaş hadisə ilə bağlı məlumat verməmişdir. Daha sonra Nihad baş vermiş insidentlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Etdiyi şikayət əsasında bu gün Nihad idarəyə dəvət olunmuş, Təşkilati-inspeksiya qrupunda baş inspektor Anar İbrahimov tərəfindən araşdırma aparılan zaman hadisənin görüntülərinə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, həmin görüntülərdə Nihad tərəfindən polisin qanuni tələblərinə qəsddən tabe olmaması halı mövcuddur. Ona görə də Şəxs barəsində polisin xidməti fəaliyyətinə maneçilik törətməsi və polis qanuni tələblərinə qəsdən tabe olmaması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşlarının qanuni tələbləri – xidmət fəaliyyətlərinə maneçilik törətməməsi və oradan uzaqlaşması barədə göstərişlərinin olmasına baxmayaraq Nihad geri qayıdaraq polis əməkdaşları ilə mübahisə etmişdir. Nihadın şikayəti ilə bağlı hazırda idarədə araşdırma bitməmiş və davam edir. Görüntüdə müəyyən edilmiş vətəndaş tərəfindən yol verilmiş xəta ilə bağlı protokol tərtib edilmiş, digər hissədə, yəni post-patrul xidmətinin əməkdaşı barəsində olan şikayət ilə bağlı araşdırma davam edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, yol hərəkətinin təşkili ilə bağlı fakultəni bitirmiş və yol-hərəkəti qaydaları ilə bağlı məlumatı var. O, özünə məxsus avtomobil ilə hava limanına gəlmiş və ön cərgədə olan dayanacağa yaxınlaşdıqda dayanacağının qarşısında heç bir sayrışan işığı yanmayan və ya heç bir nişan olmadan post-patrul xidməti avtomobili dayanmışdır. Avtomobilini həmin avtomobilin yanında saxladıqda güzgüdən görmüşdür ki, yan hissədə olan yolda başqa post-patrul xidməti avtomobili hərəkət edir və həmin avtomobilin dayanması üçün əl hərəkəti etmişdir. Postpatrul avtomobili saxladıqdan o, avtomobilin sağ yan şüşəsini açmış və dayanacağın qarşısında post-patrul xidməti avtomobilinin dayanmasının səbəbini soruşmuşdur. Bu zamanda digər post-patrul xidməti avtomobilində olan polis əməkdaşı ona həm sərt şəkildə, həm də uca səslə qışqıraq “ o tərəfdə yol yoxdur, keç o biri tərəfdən get” demişdir. O da heçnə deməmiş, avtomobili başqa yerdə aparıb saxlamışdır. O, heç bir siqnal verməmiş, içərisində heç kim olmayan avtomobilə siqnal verilməsinə də zəurət olmamışdır. Avtomobili park edəndən sonra həmin polis əməkdaşlarının dayandığı yerə gəlmiş və salamlaşdıqdan sonra onunla danışan polis əməkdaşının kim olmasını soruşmuşdur. Polis əməkdaşı Orxan Seyidov ona yaxınlaşaraq o olduğunu bildirmişdir. O da ona, ondan pis şey soruşmadığını, həmin avtomobilin orada dayanması səbəbinin soruşduğunu demiş və onunla niyə kobud formada danışdığını soruşmuşdur. Yandan digər polis əməkdaşlarının müdaxilə etdiklərinə, ona danışmağa imkan vermədiklərinə görə o, xidməti vəsiqənin təqdim edilməsini tələb etmişdir. Polis əməkdaşı ona məxfi işdə olduğunu və xidməti vəsiqəsinin təqdim edə bilməyəcəyini söyləmişdir. Xidməti vəsiqənin tələb etməsində məqsədi həmin polis əməkdaşı barəsində müraciət etmək üçün ad, soyadının öyrəmək istəməsi olmuşdur. Sonra avtomobilin nömrəsini bildiyindən bu barədə 102 xidmətinə zəng vuraraq bildirəcəyinə görə oradan uzaqlaşmaq istəmiş, lakin bir az məsafə uzaqlaşdıqda orada olan polis əməkdaşlarının biri onun arxası ilə uca səslə “səhər yubka geyinib gəlmisən” demişdir. Ona görə geri qayıdaraq bu formada onunla danışmasının səbəbini soruşmuş, ictimai yerdə onun şərəf və ləyaqətinə hansı səbəblə toxunduqlarını bilmək istəmişdir. O, heç bir tabesizlik göstərməmiş, onun hərəkətlərində heç bir pozuntu olmamışdır. Əgər onun hərəkətində hər hansı bir pozuntu olsa idi, onda ondan şəxsiyyət vəsiqəsi tələb olunardı və barəsində tədbir görülərdi. Lakin, bu hallar olmamışdır. Ona sakit formada deyilsə idi ki, tədbir keçirilir və post-patrul xidməti avtomobili ona görə dayanacağın qarşısında dayanmışdır, bu zaman o, heç bir hərəkət etmədən avtomobilini başqa yerdə saxlayardı. Lakin, onunla kobud formada danışıldığından o, həmin polis əməkdaşlarına yaxınlaşmışdır. O, heç bir qıcıqlandırıcı hərəkət etməmiş, əksinə onun təhqir edilməsinə baxmayaraq özünü sakit saxlamışdır. Belə ki, bilir ki, hər hansı bir təhqiredici söz polis əməkdaşına qarşı işlətdiyi halda məsuliyyətə cəlb oluna bilər. Ondan hər hansı bir qanuni tələb edilməmiş, o, təhqir olunduqdan sonra geri qayıdan zaman polis əməkdaşları tərəfindən itələnərək konfiliktin böyüməməsi üçün uzaqlaşması tələb edilmiş, o da oradan uzaqlaşmış və 102 xidmətinə zəng vurmuşdur. Hadisə yerində polis əməkdaşlarının ad, soyad adını bilməmiş, yalnız idarəyə çağırıldıqdan sonra polis əməkdaşının kimliyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X4 İdarəsinin Post-patrul xidməti bölüyünü polis nəfəri, polis serjantı X6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə hava limanında Terminal 1 ərazisində olan xidməti postuna hərəkətdə olan zaman şəxsiyyəti sonradan məlum olan Şəxs idarə etdiyi avtomobili, keçirilən tədbirlə əlaqədar dayanacağın qarşısında dayanmış post-patrul xidməti avtomobilin yanında saxladığını və davamlı olaraq siqnal verdiyini görmüşlər. Ona görə hərəkətdə olduqları post-patrul xidməti avtomobili saxlayaraq Nihada digər yoldan istifadə etməsi, oranın bağlı olmasını bildirmiş və xidməti davam etdirmək üçün Terminal 1-in qarşısında gəlmişlər. Bir müddət keçdikdən sonra Nihad onlara yaxınlaşaraq onunla kimin danışdığını soruşmuşdur. Onunla danışan şəxsin o olduğunu bildirərək özünü təqdim etmişdir. Bundan sonra Nihad ondan şəxsiyyət vəsiqəsinin ona verməsini tələb etmişdir. Bu zaman yanlarında olan manqa komandiri Nihaddan kim olduğu və hansı səbəbdən əməkdaşdan şəxsiyyət vəsiqəsinin tələb etdiyi soruşmuşdur. Nihad, barəsində şikayət edəcəyini bildirdikdə manqa komandiri ona əməkdaşın özünü təqdim etdiyini və şikayət etmək istəyirsə, gedib şikayət edə biləcəyini söyləmişdir. Lakin, Nihad aqresiv şəkildə şəxsiyyət vəsiqəsinin tələb etdiyindən, dəfələrlə tabesizlik göstərərək xidməti fəaliyyətlərinə maneçilik törətdiyindən onu oradan uzaqlaşdırmışlar. Bu hadisə ilə bağlı rəhbərliyə məruzə etməmişdir. Belə ki, Nihadı artıq oradan uzaqlaşdırdırdıqlarından məsələni həll etmişlər, həmçinin xidməti postunu tərk edə bilməməsi səbəbindən məruzə etməmişdir. Nihaddan ərazini tərk etməsi barədə dəfələrlə tələb etmələrinə baxmayaraq, Nihad tabesizlik göstərərək ərazini tərk etməmişdir. Həmçinin bildirdi ki, polis əməkdaşı tərəfindən Nihada qarşı təhqiredici ifadə işlədilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X4 İdarəsinin Post-patrul xidməti bölüyünü manqa komandiri, polis baş serjantı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə hava limanında xidmətdə olan zaman postlara əməkdaşları paylayaraq Terminal 1 istiqamətində hərəkətdə olan zaman, keçirilən tədbirlə bağlı sıxlığın qarşısını almaq məqsədilə dayanacağa girişində qarşısında dayanmış post-patrul avtomobilinin yanında Nihad avtomobilini saxladığını və davamlı olaraq siqnal verdiyini görmüşlər. Buna görə avtomobili saxlayaraq onun nə səbəbdən orada saxladığını və siqnal verdiyini soruşmuşlar. Nihad, onlardan avtomobilin orada dayanmasının səbəbini soruşduqda izah etmişlər ki, tədbirlə bağlı həmin avtomobil orada dayanmış və ona digər yolla hərəkət edə biləcəyini söyləmişlər. Bundan sonra Nihad oradan çıxıb getmişdir. Onlar isə gəlib Terminalın qarşısında dayanmışlar. Bu zaman Nihad onlara yaxınlaşaraq avtomobildə olan şəxslərin kim olduğunu soruşmuşdur. Nihada avtomobildə o və Seyidov Orxanın olduğunu bildirdikdə, Nihad, Orxan Seyidovdan vəsiqəsini tələb etmişdir. O, Nihada daxili təhqiqatdan olduğunu, hansı səbəbdən vəsiqənin tələb etməsini soruşmuşdur. Nihad, Orxan Seyidovdan vəsiqəsinin tələb edərək ondan şikayət edəcəyini bildirmişdir. Səbəbini soruşduqda isə Orxan Seyidovun onunla kobud şəkildə danışdığını bildirmişdir. Orxan Seyidov isə hər ikisinin avtomobildə olduqlarına və eşitməsinə görə məcburi şəkildə qışqıra-qışqıra danışdığını bildirmişdir. Nihad, cavab olaraq ondan şikayət edəcəyini bildirmişdir. Nihad, bir az uzaqlaşdıqdan sonra geri qayıdaraq ondan da şikayət edəcəyini bildirmiş, o da Nihada istəyirsə ondanda şikayət edə biləcəyini demişdir. Keçirilən tədbirlə əlaqədar xidməti fəaliyyətlərinə maneçilik törədilməməsi üçün Nihaddan ərazidən uzaqlaşmasının dəfələrlə tələb edilməsinə baxmayaraq, nihad tabesizlik göstərərək ərazidən uzaqlaşmamışdır. Həmçinin bildirdi ki, Nihadın geri qayıtmasında səbəb, geri qayıdaraq ondanda şikayət etməsinin bildirməsi olmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına Beynəlxalq Hava limanında polisin xidməti fəaliyyətinə mane olmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd CD diskdə olan 2 ədəd videogörüntüdən görünür ki, birinci video görüntüdə Şəxs idarə etdiyi avtomobil ilə dayanacağın qarşısında dayanmış post-patrul xidməti avtomobilin arxa hissəsində dayanır, bir neçə saniyədən sonra dayanacağının yan hissəsində olan yolda hərəkət edən post-patrul xidməti avtomobili Nihadın saxladığı avtomobilin yanında dayanır. Post-patrul xidməti avtomobilinin arxa qapısı açılaraq içəridə olan polis əməkdaşı nəsə deyir və bundan sonra həmin post-patrul xidməti avtomobil hərəkətini davam etdirir. Nihadın idarə etdiyi avtomobil isə həmin yeri tərk edir. Digər video görüntüdən isə görünür ki, hava limanında olan Terminalın qarşısında 3 nəfər polis əməkdaşı və 1 nəfər mülki formada şəxs birlikdə dayanmışlar. Həmin polis əməkdaşlarına Şəxs yaxınlaşır və nəsə soruşduqda məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı Orxan Seyidov özünü qabağa verir. Nihad ilə polis əməldaşları arasında az bir müddətdə danışıq olur və bundan sonra Nihad oradan uzaqlaşır. Nihad az bir məsafədə oradan aralanan zaman məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X5 hərəkətdə olan istiqamətində nəsə deyir. Bu zaman Nihad geri qayıdaraq polis baş serjantı Rəşad Süleymanlıya nəsə deyir. Bu zaman orada olan digər polis nəfərləri Şəxs oradan uzaqlaşdırırlar. Şəxs oradan uzaqlaşdırdan sonra Terminalın qarşısında dayanaraq telefon vasitəsilə danışıq aparır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması sübuta yetirilmir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına Beynəlxalq Hava limanına avtomobil ilə gəlmiş və bu zaman hava limanının qabaq hissəsində olan dayanacağın giriş hissəsində dayanmış post-patrul xidməti avtomobilin orada dayanmasının səbəbi barədə ona məlumat vermiş, dayanacağın sağ hissəsində olan yolda hərəkətdə edən digər post-patrul xidməti avtomobilində olan polis əməkdaşı barəsində şikayət etməsi məqsədilə onun ad və soyadını bilməsi üçün avtomobilini başqa yerdə saxlayaraq həmin polis əməkdaşına yaxınlaşmışdır. Bundan sonra həmin polis əməkdaşları ilə, yəni iş üzrə şahid qismində dindirilmiş X4 İdarəsinin Post-patrul xidməti bölüyünün polis əməkdaşları ilə az müddətdə dialoq apardıqdan sonra onlardan uzaqlaşaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Beləliklə Şəxs tərəfindən X4 İdarəsinin Post-patrul xidməti bölüyünün polis əməkdaşlarının xidmət apardıqları ərazidə xidməti fəaliyyətlərinə maneçilik törətməməsi üçün dəfələrlə uzaqlaşması barədə qanuni tələblərinin qəsdən yerinə yetirilməməsi ilə bağlı hərəkətlər edilməsi, ümumiyyətlə ona qarşı polis əməkdaşlarının xidməti fəaliyyətləri ilə bağlı hər hansı bir qanuni tələb irəli sürməsi, onun tərəfindən isə polis əməkdaşlarının həmin qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı hal məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1926/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1926/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver