Məhkəmə qərarları › İş №3(003)-1947/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1947/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1947/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 nümayəndəsi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X15 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏMSN yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hesab edilmiş, barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası ƏƏMSN yanında X16 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024cü il tarixli MN ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarda istinad olunan pozuntu "xxxx" MMC-nin işçisi X2, xx.xx.2024-cü il tarixdə ölümü ilə nəticələnmiş hadisə barədə işəgötürən tərəfindən DƏMX-ə hadisə baş verən gün məlumat verilməməsi" olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 27 nömrəli qərarı ilə təsdiq olunmuş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarının 1.4-cü bəndində qeyd olunur ki, istehsalatda bədbəxt hadisələr tədqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: - təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X22 30 aprel 2024-cü il tarixli 56 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mərhum T.Y.Heybətovun ölümünə səbəb ağciyərdə bronxopnevmoniya və qaraciyərin piy distrofiyası fonunda ürəyin aterosklerotik koronarokardiesklerozu, ürəyin sol mədəcik əzələsinin hipertrofiyası halında olan ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatmamazlığı olmuşdur. Rəydə həmçinin o da qeyd olunmuşdur ki, mərhum T.Y.Heybətovun meyitində travma ilə əlaqədar hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin hadisə şahidləri "xxxx" MMC-nin işçiləri X13 və X9 öz izahatlarında mərhum T.Y.Heybətovun hadisə baş verən vaxt heç bir avadanlıqla təmasının olmadığını, qəfildən yerə yıxılaraq vəfat etdiyini bildirmişlər. İş materiallarından göründüyü kimi, X2 vəfatı təbii ölüm nəticəsində baş verdiyindən və qanunverciliyə əsasən bu hal istehsalatda bədbəxt hadisə hesab olunmadığından, işçinin ölümü barədə işəgötürən tərəfindən Əmək Müfəttişliyinə məlumat verilməsi öhdəliyi yaranmamışdır. Lakin inzibati orqan işi hərtərəfli araşdırmadan qanunsuz və tam əsassız nəticəyə gəlmişdir. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında X1 nümayəndəsi X11 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X20 şikayəti əsassız hesab edərək izahatında bildirdi ki, baş vermiş hadisə ilə bağlı müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə məlumat verilməmişdir. Belə ki, istehsalatda baş verən bədbəxt hadisə ilə bağlı Xidmətə məlumat verilməsi müəssisənin vəzifəsidir. Məlumat verildikdə isə baş vermiş hadisənin bədbəxt hadisə olub-olmaması məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən araşdırılmalı olan məsələdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları əsasında "xxxx" MMC-nin işçisi X4 xx.xx.2024-cü il tarixdə ölümü ilə nəticələnmiş hadisə barədə işəgötürən tərəfindən DƏMX-ə hadisə baş verən gün məlumat verilməməsinə görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat miqdarında inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X22 30 aprel 2024-cü il tarixli 56 saylı ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü X4 ölümünə səbəb ağciyərdə bronxopnevmoniya və qaraciyərin piy distrofiyası fonunda ürəyin aterosklerotik koronarokardiesklerozu, ürəyin sol mədəcik əzələsinin hipertrofiyası halında olan ürəyin xroniki işemik xəsətəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatmamazlığı olmuşdur. Mərhum T.Y.Heybətovun meyitində travma ilə əlaqədar hər hansı bir xəsarət aşkar edilməmişdir. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum T.Y.Heybətovun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Məhrum T.Y.Heybətovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. - Xəzər rayon prokurorluğunun böyük köməkçi, kiçik ədliyyə müşaviri Elman Mikayılov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış 24-3-2-2/312-0249 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində işlədiyi "xxxx" MMC-də xəstəliyi ilə əlaqədar ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.3-cü bəndində əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: -təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; -texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Həmin Qaydaların 1.7-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X16 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X16 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, X8 xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində işlədiyi vaxtı onun ölümü, işlədiyi müəssisədə baş vermiş hər hansı bir bədbəxt hadisə nəticəsində baş verməmişdir. X4 ölümü onun səhətində olan problemlər nəticəsində baş vermişdir. Bu hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X22 30 aprel 2024-cü il tarixli 56 saylı ekspert rəyi ilə müəyyən olunur. Belə ki, həmin rəyə əsasən meyitdə travma ilə əlaqədar hər hansı bir xəsarət aşkar edilməmiş, ölümə səbəb ağciyərdə bronxopnevmoniya və qaraciyərin piy distrofiyası fonunda ürəyin aterosklerotik koronarokardiesklerozu, ürəyin sol mədəcik əzələsinin hipertrofiyası halında olan ürəyin xroniki işemik xəsətəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatmamazlığı olmuşdur. İş üzrə müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsaslar mövcud olmamışdır. Belə ki, X4 işlədiyi müəssisədə hər hansı bir hadisə baş verməmiş və onun ölümü istehsalatda baş vermiş bədbəxt hadisəsi səbəbindən olmamışdır. Ona görə də X5, X4 ölümü ilə bağlı X16 Xidmətinə məlumat vermək barədə vəzifə daşıyıcısı olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, onun Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X18 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X18 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar