Məhkəmə qərarları › İş №3(003)-1949/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1949/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1949/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Hacıqabul rayonunun Kalinovka kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonunun Ələtli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonunun Albalı yaşayış massivində nömrəsiz evdə yaşayan. X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(071)-121/2021 saylı 11 mart 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu X17 barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu X2 Rayon Məhkəməsinin 2(071)-121/2021 saylı 11 mart 2021-ci il tarixli icra sənədi üzrə 05 uşağın saxlanılması üçün hər bir uşağa 70 manat olmaqla ümumilikdə 350 manat aliment tutularaq X5 verilməsi qət edilsə də, X17 üzərinə düşən öhdəliklərini ödəmək təklif olunmuş, lakin o, tələbi yerinə yetirməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamışdır, nəticədə İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qeyd olunan icra sənədləri üzrə borclu X9 hazırda icra sənədi üzrə 5404 manat aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq X9 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X17 özünü İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və borcunu ödəməkdən imtina etmir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. 2024-cü ilin başlanğıcından hər ay 350 manat aliment pulunu ödədiyini, əlavə olaraq 280 manat ödəniş etdiyini, qısa müddətə borcunu bağlayacağını bildirdi. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 çıxış edərək izahatında göstərdi ki, icra sənədi üzrə borclu X9 aliment borcunu tam ödəməsini tələb etdiyindən onun barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu, barəsində İXH protokol tərtib olunan şəxsi və işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, X17 tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-121/2021 saylı 11 mart 2021-ci il tarixli icra sənədinin əsasən X8 xx.xx.2006-cı il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X18, xx.xx.2010-cu il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X21 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 manat cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, borclu X11 icraata başlama haqqında qərarın surəti göndərilmiş və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-121/2021 saylı 11 mart 2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə X9 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibat xəta törətməsinə dair iş üzrə icrata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin dizpozisiyasından bəlli olur ki, şəxsin barəsində inzibati tənbeh haqqında qərar çıxarılıbsa və qanuni qüvvəyə minibsə həmin gündən 1 il ərizəndə eyni icra sənədi üzrə inzibati tənbeh törədirsə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi yaranır. Lakin iş üzrə müəyyən olunur ki, şəxsin barəsində 29 iyul 2024cü il tarixli 3(003)-1652/2024 saylı qərarla inzibati protokola xitam verilmiş, yəni barəsində tənbeh qərarı qəbul edilməmişdir. Belə olan halda isə inzibati tənbeh qərarı olmadan İXMnin 528.1-1-ci maddəsinin tərkibini yaratmır. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə iclasında borclu X17 tərəfindən Hacıqabul Rayon Məhkəməsinin 2(071)-121/2021 saylı 11 mart 2021-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. İş materiallarında görünür ki, X9 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə onun əməlində inzibati xəta olmadığından iş üzrə icraata xitam verilmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu X9 əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Hacıqabul Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı X9 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar