Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1949/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli (MN 1870862) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nın 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Həmin inzibati xətaya onun heç bir aidiyyatı yoxdur. Buzovna bələdiyyəsinin sədri vəzifəsində çalışır və xx.xx.2025-ci il tarixdə İİ Qarabağ Müharibəsi iştirakçısı X2 bələdiyyəyə gələrək problemləri barədə məlumat verdikdən sonra yalnız sözlə mübahisə etmiş və bələdiyyənin hüquq şöbəsinin müdiri Vüsal Poladovla birgə sədr müavini Təbriz Ağayev onu sakitləşdirərək evinə yola salmışdırlar. Hadisə barədə Xəzər Rayon İcra Hakimiyyətinə aidiyyəti üzrə məlumat vermişdir. Bir müddət sonra Təbriz Ağayev səhhəti ilə əlaqədar X8 müraciət etmiş və tibb işçiləri ona tibbi yardım göstərərkən qolunda olan xəsarətlərin mübahisədən sonra olmasını zənn edərək bu barədə aidiyyəti üzrə məlumat vermişdirlər. Lakin həmin xəsarət iş vaxtı deyil hadisədən bir neçə gün əvvəl işdən kənar müddətdə baş verdiyindən Əmək Müfəttişliyinə məlumat verilməmişdir. Əmək Müfəttişliyində də bədbəxt hadisəni baş verməsini sübut edən heç bir əsas olmadan barəsində əsasız protokol tərtib edilmişdir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və X3 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - X3 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Xəzər Rayon Buzovna Bələdiyyəsinin rəisi X5 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alma ilə nəticələnmiş bədbəxt hadisə barədə DƏMX-ə hadisə baş verən gün məlumat verilmədiyinə görə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 1000 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -.555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-1949/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1949/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver