Məhkəmə qərarları › İş №3(003)-1951/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1951/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1951/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Xəzər RPİ-nin DYPŞ-nin polis baş leytenantı X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X3 Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 332.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Xəzər RPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 izahatında bildirdi ki, Baş Dövlət Yol Polis İdarəsindən məlumat daxil olmuşdur ki, bir nəfər şəxs avtoxuliqanlıq edərək sosial şəbəkədə “Binədə VAZ-la ruçnoy çəkən sürücü” adlı paylaşım edilmişdir. Paylaşımda olan nəqliyyat vasitəsinə dair verilmiş etibarnamələri olan şəxslər müəyyən edilmiş və yoxlama zamanı müəyyən edilmiş həmin şəxslərin baş vermiş hadisə ilə bağlı əlaqələri yoxdur. Sonra nəqliyyat vasitəsinin saxlama əmrinin verilməsi qərara alınmışdır. Bundan sonra nəqliyyat vasitəsi saxlanılmış və duracağa gətirilmişdir. Ondan sonra aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, avtoxuliqanlıq hadisəsini törədən şəxs Şəxs olmuşdur. Bu gün şöbəyə gəlmiş və izahatı alınan zaman etiraf etmişdir. Avtoxuliqanlıq Binə qəsəbəsində sovxoz adlanan ərazidə baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, sosial şəbəkədə yayılmış video görüntülərdə olan avotmobili o idarə etmişdir. Avtomobili etibarnamə olmadan idarə etmişdir. Hadisə onun yaşadığı evin yaxınlığında olan küçədə baş vermişdir. Küçədə heç kim olmamış və avtomobili idarə edərək əl əyləncindən istifadə etmişdir. Əyləncdən bir neçə dəfə istifadə etmiş, lakin xuliqanlıq etmək niyyəti olmamışdır. Hazırda törətmiş əməlindən peşmandır və ona cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -Xəzər RPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 15:15-də “VAZ 2107” minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə protokol tərtib edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Şəxs “VAZ 2107” minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobili sürtəndirməklə əl əyləncindən istifadə etmiş və bu halı davamlı olaraq təkrarlamışdır. Bununla da müəyyən edilir ki, onun tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edilmişdir. Onun törətdiyi bu əməl sosial şəbəkələrdə yayılmaqla mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması iş materialları, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 azyaşlı uşağının olmasını məhkəmə, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz əlli manata məbləğdə cərimə edilməsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 750 manat məbləğdə cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar