Məhkəmə qərarları › İş №3(003)-1959/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1959/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1959/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş buraxılmış müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 eyni zamanda şikayət ərizəsində vəsatətlə müraciət edərək 11 saylı RETSİ-nin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından təqdim etdiyi hazırki şikayətinin vermə müddəti buraxılmış qənaətinə gəlindiyi təqdirdə, vəsatətini təmin edərək, qərardan şikayət vermə müddətini şikayətində göstərilmiş səbəblərdən üzrlü səbəblərə görə buraxılmış hesab edərək, bərpa edilməsini xahiş etmişdir. Şikayətində göstərmişdir ki, nə protokol və nə də qərar rəsmi qaydada ona təqdim olunmamışdır. Qəbul edilmiş inzibati xəta haqqında qərar ona təqdim edilmədiyinə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) müraciət edərək, həmin sənədlərin alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Ombudsman Aparatının 04 sentyabr 2024-cü il, 2-5/2-23355/2024 nömrəli məktubu ilə barəsində şikayət etdiyi inzibati xəta haqqında qərar və onunla əlaqədar digər sənədlər poçt vasitəsi ilə ona göndərilmişdir. xx.xx.2024-cü il tarixində rəsmi qaydada ona təqdim olunmuş inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsinin son müddəti xx.xx.2024-cü il tarixi müəyyən edilir. Buna görə də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan təqdim etdiyi hazırkı şikayətin verilməsi müddəti buraxılmamış hesab edilməli, edildiyi təqdirdə isə Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmış hesab edilirək məhkəmə tərəfindən həmin müddət bərpa edilməlidir. Şikayətə baxılma yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan buraxılmış müddətin bərpasına dair vəsatətə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X1 izahatında bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar ona verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, idarənin sözügedən qərarı X4 xx.xx.2023-cü il tarixli G- BM/2623-271 saylı məktubla poçt xidməti vasitəsilə göndərilmiş və xx.xx.2023-ci ii tarixdə poçt xidməti tərəfindən xəbərnaməyə şəxsən imza etdirməklə X4 verilmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Xəzər dənizi sahilində DEEA-nin müsbət rəyi olmadan ətraf mühitə təsir göstərən fəaliyyətin həyata keçirilməsi səbəbinə görə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. -11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, Ç- BM/2623-271 nömrəli məktubun surətindən görünür ki, yuxarıda qeyd olunan qərar xx.xx.2024-cü il tarixdə X2 göndərilmişdir. -poçr göndərişinin verilməsi haqqında SS808582799AZ ştrik kodlu xəbərnamənin surətindən görünür ki, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə sorğusuna "xxxx" MMC Milli Operatorun 4 saylı Poçt filialının xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, Türkan qəsəbəsində yaşayan X4 ünvanlanan SS808582799AZ ştrix kodlu məktub xx.xx.2023-cü il tarixdə F.8 vərəqinə imza etdirilməklə şəxsən ünvan sahibinə təhvil verilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 vəsatətlə məhkəmə müraciət edərək şikayətin icraata qəbulunun mümkünsüz hesab edilməsini və rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi üçün buraxılmış müddətin həlli ilə bağlı araşdırılmış hallardan müəyyən olunur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada verilmişdir. Həmin qərarda şikayətlə o, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Şikayətin təxminən 1 il 4 aydan sonra verilməsinin üzrlü səbəbdən buraxılması barədə isə hər hansı bir mötəbər səbəb məhkəməyə göstərilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarın ona təqdim edilməməsi halına münasibətdə isə məhkəmə bu halı əsassızdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, qərar ona xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada verilmişdir. Eyni zamanda şikayətə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-5434/2023 saylı qərarından görünür ki, X7 tərəfindən əvvəllərdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş, lakin şikayəti icraata götürülmədən geri qaytarılmışdır. Bu haldan müəyyən olunur ki, X3 2023-cü ilin dekabr ayında mübahisələndirdiyi qərar barəsində məlumatı olmuş və həmin qərardan əvvəllərdə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab olmasına dəlalət edən səbəb müəyyən edilməmişdir. Bu səbəbdən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün X7 buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən onun tərəfindən verilmiş vəsatət rədd olunmalı, qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair X3 vəsatəti rədd edilsin. Həmin qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlərlə birlikdə X4 geri qaytarılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar