Məhkəmə qərarları › İş №3(003)-1967/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1967/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1967/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz evdə faktiki yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X11 tərəfindən Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs izahat verərək bildirdi ki, vətəndaş X7 müraciət edərək bir neçə gün əvvəl Şəxs və Mustafa adlı şəxs tərəfindən təhqir olunduğunu bildirdiyindən qeyd edilənlərlə bağlı müvafiq protokol tərtib edilmişdir. Şikayətçi X2 Əfsər Habil oğlu və Mustafa adlı şəxsdən Binə qəsəbəsində 3 sot torpaq almış, müəyyən xərc çəkib həmin torpaqda işlər görmüşdür. Lakin dövlət qurumları tərəfindən həmin torpaqda işlərin görülməsi qadağan edildiyindən Əfsər və Mustafa ilə görüşüb pulunu tələb etsə də, onlar pulunu qaytarmayıb onu nalayıq sözlərlə təhqir etmişlər. Bu hadisə 3-4 gün əvvəl Binə qəsəbəsində baş vermiş, həmin vaxt ətrafda tanımadığı şəxslə olmuşlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqətən də tanışı Mustafa ilə birlikdə Şadlıq İbrahimova torpaq satmasını, sonradan Şadlığını həmin torpağı qaytarıb onlardan pul istəməsini etiraf etsə də, onların arasında yalnız torpaq alq-satqısı ilə bağlı fikir ayrılığının olmasını, nə özü, nə də ki Mustafa tərəfindən Şadlığın ünvanına nalayiq ifadələrin işlədilməməsini, 3-4 gün əvvəl Binə qəsəbəsində birgə görüşlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında izahatı alınmış X14 da Şəxs dediklərini təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şikayətçini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və X14 izahatlarını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən xırda xuliqanlıq törədilməsinə görə protokol tərtib edilsə də, onun tərəfindən ictimai qaydanın konkret olaraq nə vaxt, necə və nə cür pozulması müəyyən olunmayaraq sübuta yetirilmir, bu barədə nə MN seriyalı ******* №-li xx.xx.2025-ci il tarixli protokolda, nə də ki digər sənədlərdə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da Şəxs İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törədilməsinə dar əməllərinin mövcudluğu ifadələrlə, eləcə də sənədlərin tədqiqi ilə sübuta yetirilməmişdir. Belə olan halda Şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək kimi əməlinə dair hər hansı bir hal iş üzrə müəyyən edilmədiyindən onun əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyi üçün inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyi üçün onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar