Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X3 iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 05 dekabr 2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-710/2016 nömrəli, 23 may 2016-cı il tarixli icra sənədinə əsasən nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 09 oktyabr 2008-ci il təvəllüdlü X5 və 17 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək 23 may 2016-ci il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs hər uşağa görə 50 (əlli manat) olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-710/2016 nömrəli, 23 may 2016-cı il tarixli icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu 12 noyabr 2019-cu il və 05 dekabr 2019-cu il tarixlərdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Hal-hazırda borclunun 2320 (iki min üç yüz iyirmi) manat aliment borcu vardır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə icra sənədini indiyə qədər icra etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı indiyə qədər yığılıb qalmış 2320 (iki min üç yüz iyirmi) manat aliment borcunu ödəyə bilmir, bundan başqa, pandemiya ilə əlaqədar iş yerləri bağlandığından, iş tapa bilməmiş və heç bir ödəniş apara bilməmişdir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, hazırda işləməyə başlamışdır və yaxın vaxtlarda hissə-hissə olmaqla aliment borcunu tamamilə ödəyəcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 3(003)-1379/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qərarı ilə Şəxs Xəzər Rayon Məhkəməsinə məcburi gətirilməsi qərara alınmış və icra edilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilmişdir, lakin qərar bu günə qədər icra edilməmişdir. 13 aprel 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs məhkəməyə məcburi qaydada gətirilməsi təmin edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol 05 dekbar 2019-cu il tarixdə tərtib edilmiş və həmin gün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində inzibati xəta haqqında protokol 05 dekbar 2019-cu il tarixdə tərtib edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 38.3, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-2/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver