Məhkəmə qərarları › İş №3(003)-2002/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2002/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2002/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Xəzər Rayon Polis İdarəsi Dövlət X6 inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi Dövlət X6 inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək X3 inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin Dövlət X6 inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:15 radələrində Chevrolet Cobalt LTZ minik markalı 77YA396 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Azəriqaz İB-nə maddi zərər dəymişdir. Aparılmış araşdırma nəticəsində onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələrinin tərkibi yarandığı üçün onun qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətdiyini etiraf edərək, bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01:15 radələrində dostuna məxsus olan Chevrolet Cobalt LTZ minik markalı 77YA396 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş, Binə qəsəbəsində qarşısına velosipedçi çıxıdığından daş hasara dəymiş, sonra da qaz xəttinə dəyərək qaz xəttinin sayğacına çırpılmışdır. Öz aralarında həll edəcəyini zənn edərək hadisə yerində uzaqlaşmışdır. Əməlindən peşman olduğunu qeyd etmiş və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:15 radələrində dostuna məxsus olan Chevrolet Cobalt LTZ minik markalı 77YA396 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş, Binə qəsəbəsində daş hasara dəymiş, sonra da qaz xəttinə dəyərək qaz xəttinin sayğacına çırpılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:15 radələrində dostuna məxsus olan Chevrolet Cobalt LTZ minik markalı 77YA396 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmiş, Binə qəsəbəsində daş hasara dəymiş, sonra da qaz xəttinə dəyərək qaz xəttinin sayğacına çırpılmış və nəticədə Azəriqaz İB-nə maddi zərər dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar