Məhkəmə qərarları › İş №3(003)-2005/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2005/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2005/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Bakı şəhər Xəzər rayon X9 Şöbəsinin İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon DYPŞ-nin İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərar tam əsasızdır. xx.xx.2025-ci il tarixdə, saat 07:58 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli Bayramov küçəsində nəqliyyat vasitəsini idarə edərkən Xəzər rayon X9 Şöbəsinin əməkdaşı polis baş leytenantı X5 idarə etdiyi avtomobili saxlamaq əmri vermiş və qanuni göstərişlərə tabe olaraq nəqliyyat vasitəsini saxlayaraq müvafiq sənədləri təqdim etmişdir. Polis əməkdaşı nəqliyyat vasitəsini idarə edərkən birtətəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyini bildirsə də, buna etiraz edərək heç bir qayda pozuntusu törətmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xəzər rayon X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xəzər rayon X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında X3, xx.xx.2025-ci il tarixdə saat 07:58-də Bakı şəhəri, Əli Bayramov (Binə) ərazisində idarə etdiyi “FİAT DOBLO” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə ilk öncə prosessual müddətin bərpa olunmasına dair şikayət vermiş şəxsin ərizəsinə münasibətdə qeyd edir ki, ərizə təmin edilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs barəsində 10 iyun 2025-ci il tarixdə tərtib edilmişdir. Daha sonra şikayət vermiş şəxs 02 iyul 2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermiş, lakin şikayət geri qaytarılmışdır. Şikayət vermiş şəxs həmin geri qaytarılan qərarda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunverciliyə tələblərinə əsasən “Yol hərəkəti qaydaları əleyhinə” olan inzibati xəta törətmiş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda isə səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını bildirir, buna baxmayaraq Xəzər rayon DYPŞ tərəfindən İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokol və həmin protokol əsasında TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X1nun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə Xəzər rayon X9 Şöbəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. İşin araşdırılmış hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Əli Bayramov (Binə) ərazisində X3 idarə etdiyi “FİAT DOBLO” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli yolda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Şikayətin əsasını isə inzibati xətanın törədilməsi istinad edilən yolun hərəkət hisssində hərəkəti qadağan edən yol nişanlarının olmaması halları təşkil edir. Eyni zamanda müəyyən olunur ki, törədilməsində istinad edilən inzibati xəta ilə bağlı X2 razılaşmaması nəzərə alınmamış və bu razılaşmamanın əsasları ətrafında səlahiyyətli orqan tərəfindən əlavə araşdırma aparılmadan X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal inzibati tənbeh tədbiri haqqında qərarda göstərilməməklə şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada Xəzər rayon X8 Şöbəsinə məlumat verilməsinə baxmayaraq xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də, şikayət qismən əsaslı hesab edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon X9 Şöbəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətməsinə dair Xəzər rayon X9 Şöbəsinin İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xəzər rayon X9 Şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar