Məhkəmə qərarları › İş №3(003)-2006/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2006/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2006/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230 və 292.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən "xxxx" ASC-nin Azərbaycan Respublikası İXMnin 230 və 292.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokolla hüquqi şəxs "xxxx" ASC İnzibati Xətalar Məcəlləsinin 230 və 292.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 bildirdi ki, hüquqi şəxsə məxsus olan ərazidə 09 baş xallı maral və 01 baş makaka meymunu saxlanılmışdır. Həmin marallar müəssisəyə heç bir aidiyyəti olmamışdır. Fiziki şəxs tərəfindən onlara verilmiş həmin heyvanların "xxxx" ASC-də saxlanılması ilə əlaqədar müraciət edilmişdir. Həmin müraciət əsasında marallar müəssisəyə məxsus ərazidə saxlanılmışdır. Saxlanılma şəraiti yaxşı olduğundan xallı maralların sayı təbii artımla artaraq 09 baş olmuşdur. Marallarla əlaqədar fiziki şəxs tərəfindən onlara mənşəət sertifikatı, alqı-satqı müqaviləsi, eləcə də dövlət uçotuna alınma barədə və zoobaytarlıq xidmətlərinin göstərilməsi ilə bağlı aidiyyəti sənədlər təqdim edilməmişdir. Lakin buna baxmayaraq hüquqi şəxs olaraq onların həmin heyvanları saxlanılması üçün müvafiq infrastrukturu olduğundan həmin heyvanlar müəssisənin ərazisində saxlanılmışdır. Hal-hazırda həmin heyvanlar onlardan alımçış və harda saxlanmaları ilə bağlı məlumatları yoxdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230 və 292.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xrustalnı adlanan ərazidə "xxxx" ASC-nin nəznində fəaliyyət göstərən “X9” istirahət mərkəzində qanunsuz olaraq vəhşi heyvanların saxlanıldığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 92993 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xrustalnı adlanan ərazidə fəaliyyət göstərən “X9” istirahət mərkəzində “vəhşi təbiətdən götürülmüş heyvanların qanunsuz olaraq saxlanılması barədə nazirliyə daxil olmuş şifahi məlumat əsasında həmin əraziyə axış keçirilmişdir. Baxış zamanı “Heyvanlar aləmi haqqında” AR Qanununda nəzərdə tutulan icazə olmadan heyvanların götürülərək qapalı qəfəs şəraitində saxlanıldığı və heyvanat parkının qeydiyyata alınmadığı müəyyən edilmişdir. Belə ki, aparılan klinik baxış zamanı heyvanların qənaətbəxş olmadığı, bədən göstəricilərinin zəif olduğu, heyvanların yem rasionunda kifli quru çörəklərin olduğu, heyvanların saxlanıldığı ərazidə kölgəlik zonalarının az olduğu, istirahət otaqlarının baş sayına uyğun olmadığı və otaqların quruluşunun düzgün tikilməməsi aşkar olunmuş və istirahət mərkəzinin həyətyanı sahəsindən Bakı zooloji parkının əməkdaşları tərəfindən 01 baş makaka meymunu və 09 baş xallı maral reabilitasiya keçməkdən ötrü götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsinə əsasən “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 292.2-ci maddəsinə əsasən zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən heyvanlar aləmindən istifadənin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 34-cü maddəsinə əsasən Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalar (zooparkların, zoobağların, okeanariumların və sair canlı kolleksiyaları, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar) yaradılması və bunların zənginləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar dövlət uçotuna alınmalıdır. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230-cü maddəsinin dizpozisiyası müvafiq qanunvericilikdə nəzərdə tutulmuş icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə, həmin Məcəllənin 292.2-ci maddəsi isə zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230 və 292.2-ci maddələrinin tələbləri pozulmuş və bu səbəbdən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-in 230 və 292.2-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” "xxxx" ASC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230 və 292.2-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 292.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230 və 292.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində İXM-nin 292.2-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar