Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2017/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 13000-01432/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində “İran İslam Respublikasından hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində **********4773 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı “Gomruk sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.6-cı bəndinə əsasən, Gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir.” Həmin qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.” İnzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Qeyd edilən inzibati xəta hərəkətsizlik formasında törədilmiş gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir. İş materiallarından görünür ki, Şəxs MMCnın hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13000-01432/24 saylı inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs MMCnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13000-01432/24 saylı inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2017/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2017/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver