Məhkəmə qərarları › İş №3(003)-2035/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2035/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2035/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 24:00 radələrində Zağulba prospektində Xəzər RPİ DYPŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xəzər RPİ 2-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 24:00 radələrində Şəxs “Mustanq” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zağulba prospekti ilə hərəkətdə olan zaman DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobildə əlavə avadanlıq aşkar edilmiş və bu səbəb də onun idarə etdiyi avtomobilin cərimə meydançasına yerləşdirilməli olduqlarını ona bildirilmişlər. Şəxs avtomobilin cərimə meydançasıya yerləşdirilməsinə mane olmuş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Daha sonra hadisə yerinə PPX-nin əməkdaşları cəlb edilmiş və onların köməyi ilə Şəxs polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməli etiraf etməyərək, bildirmişdir ki, o, 08.2023-cü il tarixdə saat 24:00 radələrində “Mustanq” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zağulba prospekti ilə hərəkətdə olan zaman DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobildə səs gücləndiricinin olduğu bildirilmiş və bu səbəblə də polis əməkdaşları onun idarə etdiyi avtomobili cərimə meydançasına yerləşdirilməli olduqlarını ona bildirilmişlər. O, polis əməkdaşlarına həmin səs gücləndirici avadanlığın zavod üsulla standartlara uyğun olduğu və avadanlığı ölçmələrini təklif etsə də polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq onu polis bölməsinə dəvət etmişlər. Bundan sonra ona polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərildiyi bildirilmiş və o, polis bölməsinə gətirilmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyi, heç bir nöqsana yol vermədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, avtomobildə aşkarlanmış avadanlıq ölçülməmiş, bu barədə heç bir protokol tərtib edilməmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə poses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA 015339 tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Şəxs 08.2023-cü il tarixdə saat 24:00 radələrində “Mustanq” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zağulba prospekti ilə hərəkətdə olan zaman DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobildə səs gücləndirici avadanlığı olduğuna görə, onun idarə etdiyi avtomobilin cərimə meydançasına yerləşdirilməli olduğu bildirilmişdi. Şəxs polis əməkdaşlarına etiraz edərək həmin avadanlığın standartlara uyğun olduğu bildirmiş və avadanlığı ölçmələrini təklif etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomobildə aşkarlanmış avadanlığa dair qanunvericiliyə uyğun inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyi, təhqir, fiziki müqavimət və ya hər hansı bir digər nöqsana yol vermədiyi müəyyən olunmuşdu. Şəxs avtomobilində olan səsgücləndiricinin zavod üsullu dövlət standartına uyğun olduğunu bildirərək, onun ölçülməsini tələb etmiş və buna görə də DYPŞ-nin əməkdaşları ilə mübahisə etmişdir. Onun əməlində polisin qanuni tələblərinə tabe olmama kimi bir hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.2000-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar