Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2036/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 08 avqust 2025ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2025-ci il tarixdə nəqliyyat vasitəsinin etibarnaməsi olmadan “Hyundai Sonata” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “İdea” çimərliyində, insanların sıx məskunlaşdığı bir ərazidə cəmiyyətə açıqca hörmətsizlik edərək vətəndaşların istirahətdə olduğu zaman avtomaşınla yüksək sürətlə manevra qaydalarını dəfələrlə təhlükəli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X9 Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, Şəxs 05 avqust 2025-ci il tarixdə nəqliyyat vasitəsinin etibarnaməsi olmadan “Hyundai Sonata” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “İdea” çimərliyində, insanların sıx məskunlaşdığı bir ərazidə cəmiyyətə açıqca hörmətsizlik edərək vətəndaşların istirahətdə olduğu zaman avtomaşınla yüksək sürətlə manevra qaydalarını dəfələrlə təhlükəli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında ilk öncə bildirmişdir ki, o, avtomobili etibarnamə ilə idarə edir. Belə ki, o, etdiyi əməli düzgün hesab etməsə də, nəqliyyat vasitəsini dairəvi hərəkətlərlə idarə edən zaman ətrafda heç kəsin təhlükədə olmadığını, istirahət edən şəxslərin ondan 100-150 metr aralı məsafədə istirahət etdiklərini bildirmişdir. O hesab edir ki, avtomaşını ilə manevr hərəkətləri edən zaman heç kəsin istirahətinə maneçilik törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, hadisə baş verən zaman o, ailəsi ilə birlikdə Buzovna qəsəbəsində yerləşən çimərliyə istirahət etməyə getmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə etdiyi təhlükəli manevr hərəkətləri onların istirahətinə maneçilik törətmiş, o, uşaqlarına görə narahatlıq keçirtmişdir. Buna görə, o, 102 qaynar xəttinə yığaraq hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, ailəsi ilə birlikdə Buzovna qəsəbəsində yerləşən çimərliyə istirahət etməyə getmişdir. İstirahət etdikləri zaman Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə təhlükəli manevr hərəkətlər etmişdir. Nəticədə o, istirahətə gətirdiyi uşaqlarına görə narahatlıq keçirtmiş və istirahət edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin PPX-nin əməkdaşıdır. Hadisə baş verən günü həmin ərazidə xidmətdə olmuşdur. Xidmətdə olan zaman iki nəfər vətəndaş ona yaxınlaşaraq istirahət etdikləri ərazidə bir şəxsin təhlükəli manevr hərəkətləri edərək avtomobil idarə etdiyini bildirmişdirlər. O isə maddi sübut kimi həmin şəxsin hərəkətlərinin görüntüsünü çəkmiş və əraziyə dövlət yol polis əməkdaşlarını çağırmışdır. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın görüntülərinin əks olunduğu cd diskə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.15-ci maddəsinə əsasən “Yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə araşdırması zamanı, eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs 05 avqust 2025-ci il tarixdə etibarnaməsi olmadan “Hyundai Sonata” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “İdea” çimərliyində, insanların sıx məskunlaşdığı bir ərazidə cəmiyyətə açıqca hörmətsizlik edərək vətəndaşların istirahətdə olduğu zaman avtomaşınla yüksək sürətlə manevra qaydalarını dəfələrlə təhlükəli şəkildə pozaraq avtoxuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, gənc olmasını, ağır şəkər xəstəsi olmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2036/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2036/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver