Məhkəmə qərarları › İş №3(003)-2041/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2041/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2041/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ailəsi ilə birlikdə “Dalğa Beach” adlı çimərlikdə olmuşdur. Həmin zaman 4 bakal pivə içdiyindən evə geri qayıdan zaman avtomobilini arvadı Mədinə idarə etmiş, o isə uşağı ilə birlikdə sərnişin oturacağında əyləşmişdir. Buzovna-Zaqulba prospektində olan zaman uşaq ağlamışdır. Buna görə Mədinə avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra onlar avtomobildən yerə düşmüşlər, avtomobilin arxasına keçəndən sonra uşağı Mədinəyə vermişdir. Bundan sonra qabaqda X11 Xidməti avtomobili saxlamış və həmin avtomobildən düşən polis əməkdaşı onu əli ilə çağırmışdır. O, həmin əməkdaşa yaxınlaşmışdır. İnspektor ona spirtli içki qəbul edib-etməməsini soruşmuş, o da içkili olduğunu, lakin avtomobili idarə etmədiyini bildirmişdir. Bu zaman həmin inspektor ona içkili vəziyyətdə avtomobili idarə etdiyini və sükanı arvadına verməklə bu halı gizlətməyə çalışdığını bildirmişdir. Bundan sonra o, inspektora ailəsi ilə birlikdə çimərlikdə olduqlarını, orada 4 bakal pivə içdiyi, lakin avtomobili arvadı idarə etdiyini, uşağı ağladığından, onu sakitləşdirə bilmədiyini və uşağı arvadına vermək üçün avtomobili yolun kənarında saxladıqlarını bildirmişdir. Bir müddətdən sonra digər polis əməkdaşı əlində telefonla danışa-danışa avtomobildən düşmüş və avtomobilin onun tərəfindən idarə edildiyi bildirmişdir. Bundan sonra onu cinsiyyət orqanından tutaraq zorla patrul avtomobilinə əyləşdirmişlər. Hadisə ilə bağlı görüntülər onun avtomobilində olan “avtoreqistrator”da qeydə alınmışdır. Avtomobilə əyləşdirilikdən sonra arvadı yaxınlaşmış və o, arvadına narahat olmamasını evə getməsini söyləmişdir. Lakin, polis əməkdaşları onun arvadını da narahat etmişlər. Belə ki, arvadını da getməyə qoymamışlar və ondan sərxoşluqla bağlı müayinədən keçməsini tələb etmişlər. Daha sonra onu polis şöbəsinə gətirmişlər, bir müddətdən sonra isə onu sərxoşluq müayinəsindən keçmək üçün aparmışlar, müayinədən keçdikdən sonra onu polis şöbəsinə geri qaytarmışlar. xx.xx.2023-cü il tarixində günortaya kimi müvəqqəti saxlama yerində olmuş, daha sonra isə azad edilmiş və bundan sonra polis şöbəsinin içərisində olmuşdur. O, polis əməkdaşlarına hər hansı bir formada tabesizlik göstərməmiş, təhqiredici ifadələr işlətməmişdir. O, yalnız hadisə zamanı polis əməkdaşı onunla əl-qol ilə danışdığından bu barədə ona etirazını bildirmişdir. Eyni zamanda sonradan bilmişdir ki, polis əməkdaşları avtomobilini də heç bir əsas olmadan müvəqqəti saxlama duracağına aparmışlar. Qeyd etdiklərinə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş şəxs Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X3 izahatında göstərmişdir ki, Şəxs, xx.xx.2023-cü il tarixdə saat 19:05 radələrində Buzovna qəsəbəsində X11 Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə həmin əməkdaşlar tərəfindən müvafiq raport yazılmışdır. Daha sonra isə xx.xx.2023-cü il tarixdə hadisə ilə bağlı onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Şəxs izahatı alındıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 13:30-da azad edilmişdir. Həmçinin bildirmişdir ki, hadisənin təfərrüatları barədə məlumatı olmamış, xx.xx.2023-cü il tarixdə növbədə olduğu üçün raport əsasında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X12 idarəsinə bilavəsitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X6 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bilgəh-Zaqulba yolunda xidmətdə olan zaman ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sərnişin daşıma qaydasını pozduğuna görə saxlanılmışdır. Bu zaman avtomobildən Şəxs düşərək onlara yaxınlaşmışdır. Yoxlama zamanı Şəxs 4 bakal pivə içdiyini, lakin avtomobili idarə etmədiyini bildirmişdir. Söhbət əsnasında Arif onları küçə ifadəsi ilə təhqir etmişdir. Daha sonra isə onları hansı səbəbə görə təhqir etməsinin araşdırılması məqsədilə Arifi avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Həmçinin izahatında bildirmişdir ki, azyaşlı uşaq qabaqda sürücünün qucağında olmuş, Arif isə avtomobildən sərnişin oturacağından yerə düşmüşdür. Arif, patrul avtomobilinə minmək istəmədiyinə görə məcburi mindirmişlər. Arif tərəfindən tabesizlik – yüksək tonla onlara qarşı şərəf və ləyaqəti alçaldan sözlərin işlədilməsi olmuşdur. Təhqiredici ifadələrdən başqa hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Şəxs arvadıdır. xx.xx.2023-cü il tarixdə onlar uşaqları ilə birlikdə dənizdə olmuşlar. Geri qayından zamanı Arif pivə içdiyindən avtomobili o idarə etmiş, Arif isə qucağında uşaqları ilə sərnişin oturacağında əyləşmişdir. Maqistral yolunda olan zaman uşaq ağlamış və Arif uşağı sakitləşdirə bilmədiyindən o, avtomobili yolun kənarında saxlamaq məcburiyyətində qalmışdır. Avtomobili saxladıqdan sonra yerə düşmüşlər və Arif uşağı ona vermişdir. Bu zaman qabaqda yol patrul xidməti avtomobili saxlamışdır. Həmin avtomobildən bir nəfər polis düşmüş və Arifi çağırmışdır. Arif bir müddət polis əməkdaşı ilə söhbət etmiş, daha sonra isə başqa polis əməkdaşı avtomobildən düşərək zorla Arifi polis maşınına otuzdurmuşlar. Bundan sonra o, polis avtomobilinə yaxınlaşmış, Arif ona evə getməsini söyləmiş, o da taksi çağırmışdır. Lakin onu da evə getməyə qoymamışlar. Polis əməkdaşı avtomobilin açarını ondan tələb etmişlər. Sonra isə onun da sərxoşluqla bağlı müayinədən keçməsini tələb etmişlər. O, hadisə yerində sərxoşluq müayinəsindən keçdikdən sonra sərxoş olmadığı müəyyən edilmişdir. Bundan sonra avtomobilin açarını polis əməkdaşına vermiş və taksi ilə ev getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X12 idarəsinə bilavəsitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X5 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bilgəh-Zaqulba yolunda xidmətdə olan zaman ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sərnişin daşıma qaydasını pozduğuna görə saxlanılmışdır. Pozuntunu, onunla birlikdə xidmətdə olan iş yoldaşı müəyyən etmişdir. Onlar, Şəxs olduğu avtomobilə yaxınlaşanda artıq həmin avtomobildə olan şəxslər yerə düşmüşlər. Şəxs onunla söhbət etmişdir. Söhbət zamanı Şəxs təhqiredici ifadələr işlətməsə də, onunla alçaldıcı tonda, aqresiv və kobud danışmışdır. İzahatında həmçinin bildirmişdir ki, sürücü xanım olmuş və yer düşəndə uşaq xanımın qucağında olmuş, Şəxs isə sərnişin oturacağından düşmüşdür. Bildiyinə görə iş yoldaşına qarşı söyüş söymüş, lakin, o bunu eşitməmişdir. Şəxs danışdıqca ağzından spirtli içki qoxusu gəldiyindən onlarda avtomobilin onun tərəfindən idarə edilməsi şübhəsi yaranmışdır. Digər iş yoldaşı bu barədə telefon vasitəsilə xidmətlə əlaqə saxlamış və avtomobilin Şəxs tərəfindən idarə olunması bildirildiyindən onu polis şöbəsinə aparmışlar. Şəxs, onlara qarşı hər hansı bir tabesizlik göstərməmiş, sərnişin daşıma qaydasının pozulması ilə bağlı protokolun tərtib olunmasına etirazı olmamışdır, lakin polis şöbəsinə getməkdən imtina etdiyi üçün sonuncunu zorla avtomobilə əyləşdirmişlər. Buna qədər isə hər hansı bir müqavimət olmamışdır. Post patrul xidmətini isə geç gələ biləcəyi üçün çağırmamışlar. Şəxs Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə gətirmişlər, daha sonra isə oradan sərxoşluq vəziyyətinin yoxlanılması üçün narkoloji dispanserə aparmış, tibbi müayinədən keçdikdən sonra Şəxs polis şöbəsinə geri gətirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:05-də Buzovna qəsəbəsində DYPX-i əməkdaşlarına qarşı polisin əmrinə qəsdən tabe olmamasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında işin digər materiallarının baxılması üçün aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Mirbağır Bağırova ünvanlanmış BPİ-nin DYPİ-nin YPXA-nın İV tağım inspektoru polis baş serjantı X4 və X1 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:05 radələrində Zaqulba prospektində xidmətdə olan zaman ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sərnişin daşıma qaydasını pozduğuna görə saxlanılmışdır. Sürücüyə yaxınlaşan zaman, sürücü nəqliyyat vasitəsini idarə etmədiyi bildirmişdir. İlkin yoxlama zamanı sürücüdən kəskin alkoqol qoxusu olmuş, artıq ifadələr işlədərək onların ünvanlarına təhqiramiz ifadələr işlətmişdir. Tərəflərindən həmin şəxs 2-ci PŞ-n dəvət olunmuşdur. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/4164 nömrəli xx.xx.2013-cü il tarixli aktdan görünür ki, Şəxs sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ seriyalı 015337 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:15-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 13:30-da inzibati qaydada tutmadan azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, Şəxs olduğu avtomobil yolun sağ hissəsində dayandıqdan bir neçə saniyə sonra yanından keçən yol patrul xidməti avtomobili aralı məsafədə dayandıqdan sonra arxa-arxaya hərəkət edərək Şəxs olduğu avtomobildən müəyyən ara məsafəsində dayanır. Bu vaxtı daha bir yol patrul xidməti avtomobili yaxınlaşır və birinci dayanmış yol patrul xidməti avtomobilin qabağında dayanır. Bundan sonra birinci dayanmış yol patrul xidməti avtomobilin sürücüsü qabaqda dayanmış digər yol patrul xidməti avtomobilinə yaxınlaşır, sağ qabaq sərnişin oturacağında əyləşən yol patrul xidməti əməkdaşı yerə düşərək Şəxs olduğu avtomobil istiqamətində əl hərəkəti edir (ona yaxınlaşması anlamında). Bundan sonra Şəxs, avtomobilin sağ hissəsi istiqamətində onu çağırmış yol patrul xidməti əməkdaşına yaxınlaşır. Şəxs ilə onu çağırmış yol patrul xidməti əməkdaşı bir müddət söhbət edir. Bir müddətdən sonra ikinci dayanmış yol patrul xidməti avtomobilinə yaxınlaşmış ikinci yol patrul xidməti əməkdaşı geri qayıdır və yol patrul xidməti avtomobilinə əyləşir. İkinci dayanmış yol patrul xidməti avtomobili isə öz hərəkətini davam etdirir. Daha sonra Şəxs yol patrul xidməti avtomobilinin qabaq sərnişin oturacağına əyləşir. Bir neçə dəqiqədən sonra yol patrul xidməti avtomobilin içərisindən düşərək əvvəl söhbət etdiyi yol patrul xidməti əməkdaşı ilə söhbət etməyə davam edir. Bir neçə dəqiqədən sonra söhbət etdiyi yol patrul xidməti əməkdaşı avtomobildə əyləşən digər yol patrul xidməti əməkdaşına yaxınlaşır və onunla dialoq aparır, Şəxs isə düşdüyü avtomobilə istiqamətdə hərəkət edir, bu zaman söhbət etdiyi yol patrul xidməti əməkdaşı onu geri çağırır. Onlar yenidən söhbət etməyə davam edirlər. Bir neçə dəqiqədən sonra avtomobildə əyləşən yol patrul xidməti əməkdaşı avtomobildən yerə düşür və əlində telefonla danışaraq avtomobilin arxa sağ qapısını açır və əli ilə Şəxs belindən tutaraq avtomobilə əyləşdirməyə çalışır. Şəxs avtomobilə əyləşməyə etiraz etdikdə söhbət etdiyi yol patrul xidməti əməkdaşı onu hər iki əlindən tutaraq zorla avtomobilə əyləşdirməyə çalışır, ikinci yol patrul xidməti əməkdaşı isə avtomobilin arxa sol qapısını açaraq avtomobilə daxil olur və Şəxs avtomobilə əyləşdirməyə köməklik edir. Bundan sonra onlar Şəxs zorla avtomobilə əyləşdirirlər, sonra isə yol patrul xidməti əməkdaşları avtomobilə əyləşirlər. Bu zaman həmin yol patrul xidməti avtomobilinə bir nəfər qadın yaxınlaşır və avtomobilin qapısını açır, Şəxs ilə az müddətdə dialoqda olduqdan sonra qabaq sərnişin oturacağında əyləşən yol patrul xidməti əməkdaşı yerə düşür, avtomobilin qapısını örtür. Yerə düşmüş yol patrul xidməti əməkdaşı qadının yanında qalır. Digər yol patrul xidməti əməkdaşı, Şəxs içəridə olmaqla yol patrul xidməti avtomobilini hərəkətə gətirir və hadisə yerindən uzaqlaşır. Məhkəmə iş materiallarında olan sənədlərə, videogörüntüyə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:05-də Buzovna qəsəbəsində DYPX-i əməkdaşlarına qarşı polisin əmrinə qəsdən tabe olmamışdır. Bu hal isə işin araşdırılmış hallarından müəyyən olunmur. İşin məhkəmə iclasında araşdırılmış hallarından və tədqiq edilmiş materiallarından müəyyən olunur ki, Bakı şəhər BPİ-nin X12 idarəsinə bilavəsitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti əməkdaşları X6 və X5 yolun kənarında dayanmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu avtomobildə sürücünün sərnişin daşıma qaydasını pozması şübhəsi yarandığından Şəxs yol patrul xidməti avtomobilinin yanına çağırmışlar. Yol patrul xidməti əməkdaşı X5 bir müddət Şəxs ilə dialoqda olmuş, sonda isə hər iki yol patrul xidməti əməkdaşları tərəfindən Şəxs zorla yol patrul xidməti avtomobilinə əyləşdirilərək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə gətirilmişdir. Bakı şəhər BPİ-nin X12 idarəsinə bilavəsitə tabe olan Yol- Patrul Xidməti Alayının yol patrul xidməti əməkdaşları X6 və X1 məhkəmə iclasında verdikləri ifadələrindən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən müəyyən olunur ki, Şəxs polis əməkdaşlarının hər hansı bir qanuni tələbinə tabesizlik göstərməmiş, polis əməkdaşları tərəfindən ümumiyyətlə ona qarşı hər hansı bir qanuni tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş Yol-patrul xidməti haqqında təlimatın 13.1-ci bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Həmin Təlimatın 13.3-cü bəndinə əsasən vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir. Həmin Təlimatın 13.9-cu bəndinə əsasən yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir. Həmin Təlimatın 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsaslanaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilməsi əsassız olmuşdur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən əməlin (və ya əməllərin) törədilməsi müəyyən olunmamaqla bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətməsi halı mövcud olduğu halda belə, buna polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymət verilməsi əsassızdır. Belə ki, bu hal (əməl), Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin tərkib əlamətlərini özündə əks etdirməklə həmin Məcəllənin 535.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar