Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2097/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru Abdullah Demirtaşın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iştirakalrı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00800-00876/24 saylı, 17 oktyabr 2024cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 16 olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6478 sorğu nömrəli gömrük bəyənnaməsi ilə ümumi gömrük dəyəri 118629,26 manat, netto çəkisi 145 kq olan müxtəlif adlı yüklər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, ancaq Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli, 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərinin məbləğinin 3 faizi miqadarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixdə idxal rüsumu üzrə- 3914,76 manat, əlavə dəyər vergisi üzrə- 14833,45 manat olmaqla, ümumilikdə 18748,21 manat məbləğində gömrük borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru Abdullah Demirtaş hüquqi şəxs tərəfindən qeyd edilən inzibati xətanın törədildiyini etiraf edərək, məhkəmədən hüquqi şəxs barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 təmsil etdiyi hüquqi şəxs tərəfindən qeyd edilən inzibati xətanın törədildiyini etiraf edərək, məhkəmədən hüquqi şəxs barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilməsinə baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6478 sorğu nömrəli gömrük bəyənnaməsi ilə ümumi gömrük dəyəri 118629,26 manat, netto çəkisi 145 kq olan müxtəlif adlı yüklər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, ancaq Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. İş materiallarında olan 17 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6478 sorğu nömrəli gömrük bəyənnaməsi ilə idxal edilən mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli, 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərinin məbləğinin 3 faizi miqadarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixdə idxal rüsumu üzrə- 3914,76 manat, əlavə dəyər vergisi üzrə- 14833,45 manat olmaqla, ümumilikdə 18748,21 manat məbləğində gömrük borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs MMC-nin eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə təqsirli bilinməli və ona 499.1.4-cü maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati xətanın obyekti olan 118629,26 manat məbləğinin iyirmi faizi miqdarında 23725,85 (iyirmi üç min yeddi yüz iyirmi beş manat səksən beş qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-2097/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2097/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver