Məhkəmə qərarları › İş №3(003)-21/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-21/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-21/2021 09.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 11.11.2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan şikayət verərək məhkəməyə müraciət etmiş və Xəzər Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli qərarı ilə 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-21/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərarına əsasən şikayət təmin edilərək, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 11.11.2019cu il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi, X1 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1165/2021 saylı, 02 iyun 2021ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Həmin qərar üzrə müəyyən edilənlərdən görünür ki, mübahisələndirilən 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarda cərimə məbləği 100 manat göstərilsə də, qeyd edilmiş ziddiyyətli məqama qiymət verilməmiş, ümumiyyətlə həmin hissəyə münasibət göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış şikayətçi X2 və protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş “İnzibati tənbeh vermə haqqında” EQ seriyalı ******* nömrəli, 11 noyabr 2019-cu il tarixli elektron qərardan görünür ki, X2 yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Mübahisələndirilən EQ seriyalı ******* nömrəli, 11 noyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarda X1 yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşdığı əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi göstərilsə də, lakin səlahiyyətli orqan tərəfindən ona təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş məbləğdən artıq məbləğdə, 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən X2 barəsində verilmiş inzibati tənbeh vermə haqqında 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Həmin qərarda göstərmişdir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tərtib edilmiş 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı qərar və ona əlavə edilmiş aidiyyəti sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tərtib edilmiş 11 noyabr 2019-cu il tarixli, EQ ******* saylı qərar və ona əlavə edilmiş aidiyyəti sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar