Məhkəmə qərarları › İş №3(003)-2105/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2105/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2105/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi təhqiqatçı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 21 avqust 2025-ci il tarixli 10000-00091/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarxində X3 Aeroportuna SU 1854 saylı Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı Şəxs (Pasport: RUS 7********) məxsus baqaja x-ray qurğusunda baxış zamanı şübhəli çizgilər müşahidə edildiyi üçün baqajına „baqaj yoxlanılmalıdır“ lenti məzmunlu qırmızı lent vurulması, vətəndaş Şəxs qırmızı lent vurulmuş baqajını lentdən götürüb “yaşıl kanal“-dan keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq gömrük yoxlamasından keçirilməsi üçün “qırmızı kanal“ yönləndilməsi zamanı üzərində „LUOWEESER" yazılmış olan boz rəngli çemodanın içərisindən gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan olunmayan hər birində 10 qutu olmaqla ümumilikdə 59 blok “MARLBORO micro” markalı və 1 blok “KENT neo” markalı Azərbaycan Respublikama məxsus məcburi nişanlanma ilə nişanlanmalı olan, lakin nişanlanmamış tütün məmulatlarının aşkar edilməsi faktının araşdırılmasına görə Əməliyyat-istintaq Baş İdarəsinə göndərilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmədiyini, Rusiya Federasiyasında gül biznesi ilə məşğul olduğunu, daha əvvəllər də 90-cı illərdə müxtəlif bizneslərlər məşğul olduğunu, sonuncu dəfə 12 fevral 2025-ci il tarixində Rostov şəhərinə getdiyini, adətən 2-3 aydan bir Rostov şəhərinə gedib gəldiyini, oradakı biznesini idarə etdiyini və nəzarət etdiyini, Rostovda olarkən “Naxçıvanski” adlı bazarda köşkdən üzərində aksiz markası olmayan 60 blok (600) qutu “Marlboro Micro” və üzərində Rusiya Federasiyasına məxsus aksiz markalı 1 blok “Kent NEO” siqaretlər aldığını, “Marlboro Micro” markalı siqaretlərin bir blokuna 750 Rusiya rublu, 1 blok “Kent NEO” siqaretə isə 2410 Rusiya rublu olmaqla ümumilikdə 46660 rusiya rublü pul ödədiyini, “Marlboro Micro” markalı siqaretin bir blokunu Rostovda olarkən çəkdiyini, aldığı ümumilikdə 60 blok siqareti evində özünə məxsus çantanın içərisində yerləşdirdiyini, Rostovdan Bakıya gələrkən özü ilə geyim əşyaları, ərzaq məhsulları və bir valizdə də siqaretləri gətirdiyini, daha sonra 19 mart 2025-ci il tarixdə Bakıya qayıtmaq üçün bilet aldığını, təyyarəyə minmək üçün Rostovdan Moskvaya getdiyini, orada təyyarəyə minib Bakıya saat 13 radələrində eniş etdiyini, siqaretəri yerləşdirdiyi çantanı da baqaja verdiyini, baqaj götürülən yerdə çantasını gözlədiyini, digər çantalarını götürdüyünü amma Azərbaycan Respublikasına məxsus məcburi nişansız siqaretləri yığdığı çantasının gəlmədiyini, daha sonra orada olan fəhlələrin birindən xeyli müddət keçməsinə baxmayaraq digər çantasının hələ gəlmədiyini soruşduğunu, onun gec də olsa gələr, gözlə dediyini, çantasını gözlədiyini, daha sonra çantasının gəldiyini, digər əşyalarını da arabaya yüklədiyini, qeyd edilən çantasını da götürdüyünü və çıxışa Yaşıl Kanala doğru hərəkət etdiyini, bu zaman çıxışda gömük əməkdaşlarının ondan çantasında nə olduğunu soruşduğunu, O da şəxsi əşyalarının olduğunu bildirdiyini, daha sonra onların çantaları yoxlamalı olduqlarını bildirdiklərini, buna etiraz etmədiyini və çantaların yoxlanıldığını və ona məxsus olan çantadan əvvəlcədən gömrük orqanlarına bəyan etmədiyi 59 blok “Marlboro Micro” və 1 blok “Kent NEO” siqaretlərin aşkar edildiyini, daha sonra protokol tərtib olunduğunu və imzaladığını, qeyd olunan siqaretləri bir illik müddətdə şəxsi istifadəsi üçün gətirdiyini bilirmişdir. Sonda məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi təhqiqatçı X2 protokola uyğun izahat verərək Şəxsbarədində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Resp ublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, aşkar olunmuş mallarla əlaqədar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 7/536 saylı ekspert rəyinə əsasən təqdim edilmiş Azərbaycan Respublikasına məxsus məcburi nişansız tütün məmulatları istifadəyə yararlıdırlar. Həmçinin ekspert rəyində 60 qutu “Marlboro Micro” markalı (məcburi nişansız) siqaretlərin, 1 qutu “Kent Neo” (məcburi nişansız) markalı siqaretlərin ekspertiza tədqiqatına sərf olunduğu qeyd olunmuşdur. Materiala əlavə edilmiş sərhədkeçmə və anket məlumatlarına baxış keçirilməsi haqqında protokola əsasən Şəxs uzun müddət ərzində dəfələrlə Rusiya Federasiyasına gedib-gəlmiş, o sonuncu dəfə 19 mart 2025-ci il tarixdə Moskva şəhərindən Bakı şəhərinə X3 Aeroportu vasitəsilə ölkə ərazisinə gəlmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası ticarət və sənaye palatası “Azərekspertiza” Birliyinin 20 may 2025-ci il tarixli, 123 nömrəli ekspertiza rəyinə əsasən təqdim edilmiş siqaretlərin 19 mart 2025-ci il tarixə olan orta bazar dəyəri 2377 manat müəyyən edilmişdir. 11 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış materialın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən "Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, "Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarxində Şəxs gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan olunmayan hər birində 10 qutu olmaqla ümumilikdə 59 blok “MARLBORO micro” markalı və 1 blok “KENT neo” markalı Azərbaycan Respublikama məxsus məcburi nişanlanma ilə nişanlanmalı olan, lakin nişanlanmamış tütün məmulatlarının aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən "İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən "Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən "İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1 -ci maddəsinə əsasən "İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1- ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyində saxlanılan üzərində aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 539 qutu tütün məmulatları müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar