Məhkəmə qərarları › İş №3(003)-2106/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2106/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2106/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasov Elkhanın (X3) iştirakı ilə İlyasov Elkhan (X3) xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olan və Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi ev 128A-da yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8 və 332.1-ci maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Xəzər rayonunda keçən, Pirallahı rayonu istiqamətindən Mərkəz-Şəhər istiqamətində gedən yolda sürücü Zərərçəkmiş şəxs məxsus “Lexsus” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü İlyasov Elkhanın (X3) etibarnamə olmadan idarə etdiyi “Audi” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toquşması ilə nəticələnən baş vermiş yolnəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü İlyasov Elkhanın (X3) barəsində AR İXM-nin 327.8 və 332.1-ci maddələri ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X8 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis mayoru X5 tərəfindən 31 iyul 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İşə məhkəmə iclasına gəlməyən Xəzər RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi "Lexsus" markalı" markalı **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı rayonu istiqamətindən, Mərkəz-Şəhər istiqamətində gedən yolun Zirə qəsəbəsi ərazisindən keçən hissəsində bir istiqamətli iki zolaqlı yolda hərəkət edərkən avtomobilin salonunda olan qaynı Zeyqəm Rəhimov ondan xahiş etmişdir ki, yolun kənarında satılan pomidorlardan alması üçün maşını saxlasın. O, avtomobili yolun tam kənarına yönəldərək yolun kənarında tam saxlamış və avtomobilin mühərrikini söndürüb telefonla danışmağa başlamışdır. Zeyqəm isə avtomobildən yerə düşüb yolun kənarında satılan pomidor almağa getmişdir. Zeyqəm avtomobildən düşəndən təxminən 1 dəqiqə sonra qəfil onun tam dayanmış vəziyyətdə olan avtomobilinin arxa sol tərəfinə, arxada eyni istiqamətdə hərəkət edən "Audi" markalı avtomobil çırpıldıqdan sonra “Audi” markalı avtomobil bir qədər qarşı sağ tərəfə torpaq yolda hərəkət edib dayanmışdır. O, xəsarət almış və demək olar ki, özündə olmamış və avtomobildən yerə düşə bilməmişdir. "Audi" markalı avtomobildən düşən sərxoş olan şəxs onunla mübahisdə etməyə başlamışdır. O, həmin şəxsə məhəl verməmiş və hadisə yerinə TTYBsı dəvət edib xəstəxanaya getmişdir. Hadisə yerində olan şəxslərin sözündən bilmişdir ki, hadisə zamanı avtomobili az yaşlı oğlan idarə etmiş, hadisədən sonra avtomobili idarə edən oğlan avtomobildən düşüb yola tərəf qaçmışdır. Onun avtomobilinə təxminən 14000- 15000 manat məbləğində ziyan dəymişdir. Sığorta tərəfindən ona avtomobilinə dəymiş ziyana görə 5000 manat, səhhətinə dəymiş ziyana görə isə 750 manat, cəmi 5750 manat ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasov Elkhan (X4) isə onunla maraqlanmamış və dəymiş ziyanı ödəməmişdir. Buna görə də o, ondan şikayətçidir, onunla barışmamışdır. Dəymiş ziyanın ödənilməsini və həmin şəxsə törətdiyi əməlinə görə müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlyasov Elkhan (X4) baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2023-ci il tarixdə qaynı Bahruzun sərxoş olmasına görə Bəhruza maxsus "Audi" amarkalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bəhruzla qohumu Səidi Mərdəkan qəsəbəsinə aparmışdır. Pirallahı rayonu istiqaqmətindən Mərkəz-Şəhər istiqamətində gedən yolun, Zirə qəsəbəsi ərazisində keçən hissəsində, bir istiqamətli iki zolaqlı yolun sağdan 1-ci zolağında saatda təxminən 70 km sürətlə hərəkət edərkən qarşıda təxminən 20-30 metir aralı məsafədən yolun kənarında "Lexsus" markalı avtomobilin dayandığını görmüşdür. Lakin həmin avtomobilə çatmağa təxminən 2-3 metir ara məsafəsi qaldıqda, gözlənilmədən "Lexsus" markalı avtomobilin sürücüsü avtomobili qarşı tərəfə hərəkətə gətirmişdir. O da təhlükənin qarşısını almaq üçün idarə etdiyi avtomobili ilkin olaraq sol tərəfə yönəltmək istəmiş, solda avtomobil olduğundan, avtomobili yenidən sağ istiqamətə yönəltmişdir. Nəticədə idarǝ etdiyi avtomobilin qabaq tərəfi “Lexsus” markalı avtomobilin arxa sol təkərinə toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi atomobili qarşı sağ tərəfə bir qədər hərəkət edib dayandırmışdır. Həmin vaxt idarə etdiyi atomobilin qapısı açılmamış, uşaq düşüb qaçmış, Bəhruz, sonra da o düşmüşdür. Hadisə zamanı o, avtomobildəki sərnişin Bəhruz və Səid bədən xəsarətləri alımamışlar. “Lexsus” markalı avtomobili o vurub, avtomobil yerindən tərpənib, şəkillərə baxanda təkərin əyilməsini görüb. Həmin sürücü içkili olmuş, maşınını yolun sağında saxlamışdır, pomidor almaq üçün saxlaması yalandır. Onu da qeyd edir ki, o, avtomobili sürüb getmişdir, zərərçəkmiş şəxs isə yola çıxandır. Hadisə baş verdikdən sonra həmin sürücü özünü pis hiss etdiyini demiş, PPX əməkdaşları gələndən sonra oraya çağırılan təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparmışdır. Hadisənin vaxtı düzgün göstərilməyib, belə ki, hadisə axşamçağı saat 19 radələrində baş vermiş, təhqiqatçı bir saat sonra hadisə yerinə gəlmiş, zərərçəkmiş şəxs təhqiqatçıya hadisənin guya saat 17:00 – 17:30 arası baş verdiyini demişdir. Həmin gün ondan izahat almamışlar. Təhqiqatçı şərərçəkmiş şəxslə əlbir olub ona qarşı qərəzli mövqe tutmuşdur, belə ki, o, əcnəbi vətəndaşdır, bu hadisə barədə səfirliyə məlumat verilməmiş, ona vəkil təyin edilməmişdir. Buna görə də işin yenidən araşdırılması üçün materialların polisə qaytarılmasını və araşdırmanın başqa təhqiqatçıya tapşırılmasını xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli, 8/1956 saylı ekspert rəyindən görünür ki, "Audi" A4 markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin çırpılması ilə nəticələnan yol nəqliyyat hadisəsi zamanı "Audi" amarkalı **-MY-*** qeydiyyat nişanlı avtomobilini etibarnamə olmadan idarə etmiş sürücüsü İlyasov Elkhanın (X3) hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-ci il tarixli aktlarından görünür ki, "Lexsus" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və ve "Audi" A4 markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edən İlyasov Elkhanın (X3) alkoqol sərxoşluğu vəziyyətləri yoxdur, sürücülər ayıqdırlar. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 640 saylı rəyindən görnür ki, Zərərçəkmiş şəxs Bəhman oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş-beyin silkələnməsi halında qapalı kəllə-beyin silkələnməsi, alın-təpə nahiyəsinin hematoması bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddətləri onun “X6” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığin qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, İlyasov Elkhanın (X3) Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə İlyasov Elkhanın (X3) özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşır və qeyd edir ki, onun ifadəsi həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin izahatı və digər iş materialları ilə təkzib edilir. Buna görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla inzibati və maddi məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, İlyasov Elkhanın (X3) Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İlyasov Elkhanın (X3) həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb, İlyasov Elkhanın (X3) Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs tərəfindən təxminən 14000-15000 manat maddi ziyanın mövcudluğu göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci İlyasov Elkhandan (X2) tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlyasov Elkhan (X4) Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200,00 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. İlyasov Elkhanın (X3) Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi barədə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci İlyasov Elkhandan (X2) tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar