Məhkəmə qərarları › İş №3(003)-2137/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2137/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2137/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi X15 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidməti tərəfindən "xxxx" MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında X4 Xidməti Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində "xxxx" MMC tərəfindən müvafiq icazə alınmadan kommunikasiya xətti (rabitə xətti) çəkilərək yol hərəkəti qaydaları pozulmuşdur. Bu səbəbdən "xxxx" MMC barəsində protokol tərtib edilmişdir. Protokol tərtib edildiyi vaxtı "xxxx" MMC-nin nümayəndəsi X9 protokolu imza etməkdən imtina etdiyindən protokol rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Protokol tərtib edildikdən sonra "xxxx" MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə telefonoqram vasitəsilə müraciət olunmuşdur. Yəni qazıntı işlərinin aparılmasından əvvəl qazıntı işlərinin aparılması barədə müvafiq icazənin verilməsi barədə müraciət olunmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən elektron müraciəti xx.xx.2024-cü il tarixdə saat 15:35-də daxil olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Dövlət Agentliyi X4 Xidmətinin bölgə rəisi X7 izahatında bildirmişdir ki, protokol onun tərəfindən tərtib edilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində avtomobil yolunun hərəkət hissəsində "xxxx" MMC tərəfindən mövcud olan rabitə xətlərinin yenisi ilə əvəz edilməsi barədə işlər aparılması üçün qazıntı işləri aparılmışdır. Həmçinin bildirmişdir ki, inzibati xəta saat 09:00-da nümayəndələri İqbal Hacıyev tərəfindən aşkar edilmiş və dərhal ona məlumat vermişdir. Bundan sonra o, icazələrinin olmadığı təqdirdə qazıntı işlərinin dayandırılmasını və qazıntı işlərinin fotoşəkillərinin çəkməsini bildirmişdir. Özü 09:30-da ünvana gəlmiş, qazıntı işlərinin aparılması barədə sənədlərin təqdim edilməsini xahiş etmiş, lakin hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan sonra onun tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən həmin ünvanda rabitə xəttinin quyusunun dağılması barədə məktub göndərilmişdir. Bununla bağlı əməkdaşları tərəfindən həmin yerə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə qazıntı işlərinin aparılmasına icazə verilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə telefonoqram vasitəsilə müraciət olunmuşdur. Rabitə qurğusu dağıldığından həmin quyunun bərpası barədə işlər aparılmışdır. İzahatında həmçinin bildirmişdir ki, qazıntı işlərinin aparılması ilə bağlı ilk öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şifahi razılıq əldə olunmuş və bundan sonra qazıntı işləri aparılmış, daha sonra isə rəsmi yazışma aparılmışdır. Məhkəmə sorğusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş cavab məktubunda texniki şərtin göstərildiyi vaxtın doğru olduğunu təsdiq edir. Tərtib edilmiş protokolla razı deyil. Belə ki, hər hansı bir quyu qazılmamış, yalnız dağılmış quyunu daxil olmuş şikayətlər əsasında bərpa etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidməti Bulik hüquqi şəxsdə mütəxəssis vəzifəsində işləyən X6 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında 09-a qalmış Xəzər rayonunda xidməti ərazidə gəzərkən mövcud yerdə yolda "xxxx" MMC tərəfindən qazıntı işləri aparırdığını görmüşdür. Onlar həmən qazıntı işlərini dayandıraraq bu barədə Bakı şəhəri üzrə rəhbər şəxsə, Coşqun müəllimə məlumat vermişlər. Coşqun müəllim gəldikdən sonra qazıntı işlərinin aparılması üçün müvafiq icazələri olmadığından bu barədə protokol tərtib olunmuşdur. Hadisə yerində ondan başqa iş yoldaşı Zəfər Zəfərov, Həmidov Vilayət olmuşdur. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarxdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Serqey Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində "xxxx" MMC tərəfindən müvafiq icazə almadan avtomobil yolunun hərəkət hissəsində kommunikasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-yə, “X4 Xidməti” Publik hüquqi şəxsə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 11-1/2-9108-8/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində yolun hərəkət hissəsində yerləşən 1 ədəd telefon quyusunun beton örtüyünün bərpası məqsədilə qazıntı işlərinin aparılmasına razılıq verilməsi barədə müraciətinizə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin icrası məcburi olan texniki şərtləri (tələblərini) təqdim olunmuşdur: - yolun hərəkət hissəsində qazıntı aparılacaq sahə hasarlanmalı, xəbərdarlıq nişanları qoyulmalı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunmalıdır; - qazıntı işlərinə, xəndəyin qırmadaş, daş ələntisi, qum qarışığı ilə doldurulması və asfalt-beton örtüyünün bərpa olunması üçün müqavilə, görüləcək bərpa işlərinin ödənilməsini təsdiq edən sənəd “X4 Xidməti” publik hüquqi şəxsinin, "xxxx" MMC-nin nümayəndələrinə təqdim olunduqdan və ictimai nəqliyyatın hərəkətini tənzimləmək məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müvafiq məlumat verildikdən sonra başlanılmalıdır. - asfalt-beton örtük qayakəsən maşınla düzbucaqlı şəklində kəsilməli, xəndək qazıldıqca çıxarılan torpaq birbaşa maşınlara yüklənilərək kənara daşınmalı və bu torpaqdan təkrarən xəndəyin doldurulmasında istifadə edilməməlidir. - Bakı şəhəri ərazisində yerləşən prospekt və küçələrdə X2 Mərkəzinə aid kabellərin olduğunu nəzərə alaraq, qazıntı işlərinə başlamazdan əvvəl müvafiq razılıq alınmalıdır; - kabel xətti təmir edildikdən sonra xəndək yalnız qırmadaş, daş ələntisi və qum qarışığı ilə doldurulmaqla təbəqə-təbəqə kipləşdirilməli, ən azı 20 sm qalınlığında asfalt örtük qoyulmalıdır; - qazıntı-bərpa işləri “X4 Xidməti” publik hüquqi şəxsinin, "xxxx" MMC-nin və Bakı şəhər X18 İdarəsinin rəsmi nümayəndələrinin nəzarəti altında "xxxx" MMC-nin vəsaiti hesabına bir iş günü ərzində başa çatdırılmalıdır; - qazıntı işləri başa çatdıqdan və asfalt örtük bərpa olunduqdan sonra yolun iş görülən sahələri “X4 Xidməti” publik hüquqi şəxsinə və "xxxx" MMC-yə aktla, rəsmi qaydada təhvil verilməlidir; - verilmiş texniki şərt qeydiyyata düşmə günündən sonra 3 (üç) təqvim günü müddətində qüvvədədir; Texniki şərtlərdən hər hansı biri pozularsa, razılıq öz hüquqi qüvvəsini itirir və "xxxx" MMC qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıdığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş: - ünvan 3 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, həmin məktubda əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən 16 oktyabr 2024-cü il tarixdə Mərdəkan qəsəbəsində yaşayan sakinlərlə səyyar görüş keçirildiyi, görüşdə qəsəbə sakini X1-28 may küçələrinin kəsişməsində mövcud rabitə quyusunun qapaqlarının nasaz vəziyyətdə olması ilə bağlı müraciət olunduğu, bununla əlaqədar olaraq qeyd olunan məsələnin həlli istiqamətində müvafiq zəruri tədbirlərin görülməsi, görülmüş işlərin nəticəsi barədə RİH-nə məlumat verilməsi 5 saylı Rabitə Xidmətləri Mərkəzindən xahiş olunmuşdur. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli telefonoqramın surətindən görünür ki, həmin telefonoqramda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin EATS-454-ün xidməti ərazisində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində magistral yolun hərəkət hissəsində "xxxx" MMC-yə məxsus 1 ədəd telefon quyusunun beton örtüyünün qırılaraq yararsız hala düşdüyü bildirilmiş və yararsız vəziyyətə düşmüş telefon quyusunun bərpası məqsədilə qeyd olunan ünvanda quyunun üst örtüyünün dəyişdirilməsi üçün şəraitin yaradılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 11-1/2-9729-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən 1 ədəd telefon quyusunun beton örtüyünün bərpası üçün qazıntı işlərinin aparılması məqsədilə 24 oktyabr 2024-cü il tarixində 3-27-110/2-3454/2024 nömrəli məktubla İRİA sistemi üzərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyinə müraciət ünvanlanmışdır və həmin tarixdə saat 15:35də sənəd Agentiyin daxili sisteminə daxil edilmişdir. Müraciətlə bağlı məsələ araşdırlmış və 24 oktyabr 2024-cü il tarixdə 11-1/2-9103-82024 nömrəli texniki şərt saat 16:25-də elektron imzalanaraq İRİA sistemi üzərindən göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 354.0.2-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə- fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işin hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən 1 ədəd telefon quyusunun beton örtüyünün bərpası və kommunikasiya xətlərinin çəkilməsi üçün qazıntı işləri aparılmışdır. Eyni zamanda müəyyən olunur ki, qeyd olunan qazıntı işləri, əvvəlcədən "xxxx" MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən texniki şərtlər (razılıq) alınmadan başlanılmışdır. Bu hal iş materialları və "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunmuşdur. Belə ki, "xxxx" MMC-nin nümayəndəsi bu halla bağlı bildirmişdir ki, qazıntı işlərinə şifahi razılıq əsasında başlanılmış, sonradan isə rəsmi qaydada yazışma aparılmışdır. Göründüyü kimi işin müəyyən edilmiş hallarına əsasən "xxxx" MMC tərəfindən avtomobil yolunda yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində İXM-nin 354.0.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXMnin 354.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar