Məhkəmə qərarları › İş №3(003)-2144/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2144/2020

17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2144/2020 17.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 verdiyi izahatında bildirdi ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin adına heç bir əmlak və ya pul vəsaiti aşkar edilməmişdir. Borclunun barəsində axtarış qərarı qəbul olunduğuna görə o, polis orqanı tərəfindən məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədi ilə bağlı onun heç vaxt məlumatı olmamışdır. Hətta məhkəmə icraatı ilə bağlı məlumatı olmamışdır. Onun yalnız xx.xx.2020-ci il tarixdə icra sənədinin mövcüdluğu barədə məlumatı olmuş və ona həmin icra sənədinin könüllü icrası üçün icra məmuru tərəfindən 10 gün müddət verilmişdir. Həmçinin icra məmuru tərəfindən ona ünvanlamış bildiriş və xəbərdarlıqları almamışdır. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3666/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə cavabdeh Şəxs 2015-ci ildə satılmış sement məhsullarına görə 3693,42 manat, xx.xx.2016-cı il tarixli 2015-********** saylı alqı-satqı müqaviləsinə əsasən 2895,75 manat məbləğində pul, 100 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 6719,2 manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarına əlavə edilmiş borclunun axtarılması barədə xx.xx.2019cu il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat zamanı borclunun yeri müəyyən olmadığından barəsində axtarış elan olunması haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3666/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin dərhal icra edilməsi tələb edilmiş və o, həmin qərar və bildirişlə xx.xx.2020-ci il tarixdə tanış olmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatın surətindən məlum olur ki, o, izahatında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3666/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi barədə ümumiyyətlə məlumatının olmadığını və həmin icra sənədində göstərilən pulu ayda 500 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3666/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi tərəfindən icra edilməyəcəyi halda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunması, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdar olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, icra sənədlərinin icraata başlandığı vaxtdan bugünədək borclunun yaşayış yeri məlum olmadığından “icraata başlamaq haqqında qərar”ların surətini və “tələbin könüllü icrası barədə bildiriş”ləri borcluya təqdim etmək mümkün olmamışdır. Borclunun barəsində axtarış qərarı qəbul olunduğuna görə o, polis orqanı tərəfindən məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun bundan əvvəl Xəzər rayon İcra və Probasiya şöbəsində olmasını və ya onun icra sənədinin icrası barədə əvvəllər məlumatlı olmasına dair heç bir mötəbər sübut iş materiallarında mövcud deyildir. xx.xx.2020-ci il tarixdə borclu Şəxs icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Qanunun tələbinə görə, icra məmuru tərəfindən “müəyyən olunmuş müddətdə” borclu icra sənədini üzrsüz səbəbdən icra etmədiyi halda, onun əməli İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. İcra məmuru isə qanunda göstərilən “müəyyən olunmuş müddəti” gözləmədən tələbin könüllü icrası barədə bildirişi, icraata başlamaq haqqında qərarı və məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıq məktubunu borcluya təqdim etdiyi tarixdən 1 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə hesab edir ki, borclu qeyd olunan sənədləri qəbul etdikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində icra sənədi “üzrsüz səbəb”dən icra edilmədiyi halda, borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi mümkün ola bilər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqdainzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar