Məhkəmə qərarları › İş №3(003)-2150/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2150/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2150/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, “Azəriqaz” İB-də qaz avadanlığının istismarı və təmiri çilingər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək izahatında bildirdi ki, o, hadisədən 7-10 gün qabaq marixuana istifadə etmişdir. Həmin günü avtomobil idarə edərkən yol polis əməkdaşları onu saxlamış və müayinədən keçirilərkən analizindən nakrotik maddə istifadə etdiyi müəyyən olunmşudur. İzahatında həmçinin bildirdi ki, o, əvvəllər marixuana və şüşədən istifadə etmiş, hazırda isə narkotik maddədən istifadə etmir. Hazırda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan: -Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:56-da “VAZ 21060” minik markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Mərdəkan qəsəbəsində idarə edərək əməldə İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -BB445690 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs verilmiş sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2033-cü il tarixədəkdir. -“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/1172 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs narkotik vasitələr hesab olunan metamfetamin və marixuana istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:05 radələrində nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiqdir. Bu zaman məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, tətbiq edilən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbehin müddəti 6 ay həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar