Məhkəmə qərarları › İş №3(003)-2153/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2153/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2153/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də keyfiyətin nəzarət üzrə mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X6 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mərdəkan yolunda hərəkətdə olmuş, avtomobilində bir xanım və bir uşaq olmuşdur. Arxadan gələn moped sağ hissədən ötmə əməliyyatə etmişdir. Halbuki həmin yol hissəsində yalnız bir avtomobil hərəkət edə bilər. Bu zaman isə o, sağa dükana tərəf dönmə əməliyyatı etmiş, lakin sağdan gələn moped onun idarə etdiyi avtomobilin qabaq hissəsinə dəymiş və mopedin sürücüsü yerə yıxılaraq sürüşmüşdür. Bu zaman həmin şəxs ayağından xəsarət almış və təcili yardım gəlib onu aparmışdır. Bu hadisədə özünü günahkar etməsə də həmin şəxslə əlaqə yaratmış, 1-2 dəfə evinə getmişdir. Həmin şəxsin hazırda ona qarşı şikayət və tələbi yoxdur. İzahatında həmçinin bildirdi ki, o, sağa dönərkən arxada nəqliyyat vasitəsinin hərəkətdə olmasına fikir verməmiş və gözləmədən sağa dönmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mersedes” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində göstərilən maddə ilə inzibati təsir tədbirlərin görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X11 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il il tarixdə saat 15 radələrində Şəxs idarə etdiyi “Mersedes” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin içi ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkət edərək Beer Qoşa mağazasının qarşısında olan zaman anidən sağa manevr edərək avtomobilini sağa doğru hərəkət etdirmiş və onunla eyni istiqamətdə yolun sağ hissəsi ilə hərəkətədə olan X1 idarə etdiyi mopedin avtomobilin sağ yan qabaq qanad hissəsinə dəyib yıxılaraq YÜNGÜL dərəcəli xəsarət almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1059 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol dirsəyin, sol ayağın əzilmiş yaraları, sol ayağın qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək və sol aşıq-baldır oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X8" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs, idarə etdiyi “Mercedes Benz CLK 200” minik markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində hərəkətdə olan zaman sağa dönmə manevrini etmiş, lakin bu zaman arxada hərəkətdə olan nəqliyyat vasitəsini gözləmədən hərəkəti davam etdirdiyindən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə X3, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti almışdır. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar