Məhkəmə qərarları › İş №3(003)-2166/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2166/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2166/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə inzibati xəta törədilməsi haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi S.Y.Əhmədov bildirdi ki, Şəxs MMC barəsində nazirliyə Xəzər dənizinə qırmızı rəngdə çirkab su axıdılması barədə iki şikayət daxil olmuşdur. Cəmiyyətə ünvanlanan sorğuya cavab olaraq suyun zərərli maddə olmadığı bildirilmişdir. Lakin, labaratoriya nəticələrinə əsasən demək olur ki, həmin su kəskin zərərli sudur. MMC-nin balansında təmizləyici qurğu mövcud deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi M.H.İsfəndiyarov bildirdi ki, nazirliyin əməkdaşları tərəfindən götürülən su nümunəsinin haradan götürülməsi məlum deyil. Onların bildirdiyi su kanalına mütəmadi olaraq məişət tullantıları və heyvan cəsədi atılır. Lakin, onlar buna nəzarət etməli olduqları halda, bunu etmirlər. Həmin bildirdikləri maddə ağac qırıntılarıdır, hansı ki, onlar zərərli maddə hesab edilə bilməz. Labaratoriya ilə bağlı daha peşəkar rəy alınması üçün hər zaman nümunələri xarici ölkədə yerləşən labaratoriyalara göndərirlər. Hazırda məhkəməyə təqdim etdiyi labaratoriya nümunələri nazirliyin əməkdaşlarının götürdüyü sudan götürülmüşdür. Nazirliyin əməkdaşları tərəfindən labaratoriya testinin nəticələri onlara təqdim edilməmişdir. Onların Cəmiyyətdə su təmizləyici aparatları mövcuddur. 6-8 avqust tarixlərində kokobit ağacı yuyularkən drenaj qurğuları çatdırmadığı üçün maddənin bir hissəsi kanala axıdılmışdır. Bu hissədə qəbul edirlər. Texniki sənədlərdə onların kanala suyun axıdılması üçün icazələri mövcuddur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Binə qəsəbəsi Quşçuluq sovxozu ərazisindən keçən su kanalına axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olduğu, su obyektlərinin çirklənməsinin qarşısını alan qurğu və avadanlığı olmayan obyektin istismar edildiyi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Quşçuluq sovxozu ərazisindən götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticələrinə dair arayışdan görünür ki, Bakı şəhəri, Xəzər ray: nu Binə qəsəbəsi, Quşçuluq sovxozu ərazisində fəaliyyət göstərən "xxxx" MMC istixana kompleksinin rəhbərliyinin "kompleksin yaxınlığından keçən kanala axıdılan axardan su nümunəsi götürülərək analiz edilməsi" ilə bağlı müraciətinə əsasən 26 sentyabr 2024-cü il tarixində X5 Monitoring İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə monitorinq keçirilmişdir. Monitorinq zamanı istixana kompleksindən yaxınlıqdan keçən kanala axıdılan axardan və istehsalat prosesindən su nümunələri götürülmüş, laborator təhlillərin aparılması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Nümunələr üzərində kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlillər aparılmışdır. Kanala çıxışdan (N40°24'10" E50°07'39") götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə təyin olunan göstəricilər X7 həddində müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı 2 170 000 adad/litr; enterokokların miqdarı 180 000 edǝd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı 2 220 000 adǝd/litr təyin edilmişdir. İstehsalat prosesindən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə təyin olunan göstəricilərdən ammonium ionu 14,8 və oksigenin biokimyəvi sərfi (OBS5) 21,3 dəfə X7 həddindən artıq müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı 146 000 eded/litr; enterokokların miqdarı 239 000 eded/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı 385 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nüm...nə kəskin zəhərli təsirə malik olmuşdur. Qeyd: Yerüstü sular üçün X7 Hədləri (YVQH) 04 yanvar 1994-cü il No 01-əmri ilə Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi tərəfindən təsdiq edilmiş "Yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydaları" sənədindən götürülmüşdür. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs MMC tərəfindən su təmizləyici qurğu olmadan drenaj suları Xəzər rayonu, Binə qəsəbəsi Quşçuluq sovxozu ərazisində yerləşən Xəzər dənizinə tökülən su kanalına axıdılmış və axıdılmış suların tərkibində yol verilən hədlərdən artıq miqdarda zərərli maddələr mövcud olmuşdur. Həmçinin işin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən edilir ki, tərkibində yol verilən miqdardan artıq miqdarda olan çirkab sular hər hansı bir hüquqi əsası olmadan su təmizləyici qurğudan istifadə etməməklə su kanalına axıdılmışdır. Belə ki, çirkab suların su təmizləyici qurğu olmadan su kanalına axıdılması Cəmiyyət tərəfindən yalnız ümumi sözlərlə təkzib edilmişdir. Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından isə görünür ki, çirkab suları ağacın yuyularkən səthində olan çirkli mayenin axması nəticəsində yaranmışdır. Qeyd olunan iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona həmin Məcəllənin 233.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası çərçivəsində 10.500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar