Məhkəmə qərarları › İş №3(003)-2180/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2180/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2180/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin ünvanına 94752011 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən xx.xx.2024-cü il tarixdə saat 12:13 radələrində daxil olmuş yüklər **********0741 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin elektron formada qısa idxal bəyannaməsi həmin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına verilməmişdir. Buna görə də Şəxs MMC barəsində 29 oktyabr 2024-cü il tarixli 00100-02983/24 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, əslində cərimə olunan şirkət “X3” şirkətidir. Qısa idxal bəyannaməsinin tərtib edilməməsi onların təqsiri ucbatından baş verməmişdir. İnvoysun orijinalı satıcı tərəfindən onlara verilməmişdir. “COP 29” tədbirinə görə onları tələsdirdiklərinə görə qısa idxal bəyannaməsini verə bilməmişlər. Onlar bunu qəsdən etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, "xxxx" MMC-nin "xxxx" filialı (Alıcı) ilə ADVANCED LOGİSTİCS SYSTEMS Şirkəti (Satıcı) arasında malların Alqı-Satqısına dair xx.xx.2024-cü il tarixli 08 saylı Müqavilə imzalanmışdır. Həmin Müqaviləyə dair 2 Saylı Əlavəyə əsasən malların çatdırılması Satıcı tərəfindən həyata keçirilməlidir. Malların Alqı-Satqısına dair xx.xx.2024cü il tarixli 08 saylı Müqavilənin 6-cı bəndinə əsasən Satıcının üzərinə gömrük rəsmiləşdirilməsi məqsədləri üçün zəruri olan bütün sənədlərin (nəqliyyat sənədləri, hesabın əsl nüsxəsi, mənşə, keyfiyyət və ya uyğunluq sertifikatı, qablaşdırma siyahısı, istismar təlimatı və s.) alıcıya təqdim olunması öhdəliyi qoyulmuşdur. EP No ******* saylı, xx.xx.2024-cü il tarixli Protokolda BBGİ tərəfindən qeyd olunur ki, yuxarıda qeyd olunmuş Müqavilə üzrə malların idxalı xx.xx.2024-cü il tarixdə, saat 12:13-də baş vermişdir, lakin "xxxx" MMC qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Hazırkı etiraza əlavə olunan email yazışmadan aydın olur ki, "xxxx" MMC tərəfindən qısa idxal bəyannaməsinin tərtib edilərək gömrük orqanlarına təqdim olunması üçün zəruri olan hesabın (invoys) Satıcı tərəfindən Alıcıya verilməsi dəfələrlə tələb olunmasına baxmayaraq Satıcı tərəfindən hesab (invoys) vaxtında təqdim olunmamışdır. Hətta, hesabın (invoysun) təqdim edilməsi tələbi tarixlərindən biri məhz malların gömrük ərazisinə daxil olması vaxtı ilə eynidir: - tələb etmə tarixi və vaxtı – xx.xx.2024-cü il saat 11:43, malların gömrük ərazisinə daxil olması vaxtı - xx.xx.2024-cü il tarixdə, saat 12:13. Yuxarıda qeyd olunanlardan, tam və açıq aydın başa düşülür ki, alıcı qısa idxal bəyannaməsinin tərtib olunaraq gömrük orqanlarına təqdim etmək niyyətində idi. Lakin, qeyd olunan kimi, onun iradəsindən asılı olmayan səbəblərdən, yəni, Satıcı tərəfindən hesabın (invoysun) vaxtında təqdim olunmaması səbəbindən bu mümkün olmamışdır. Bununla da tam müəyyən edilir ki, baş vermiş hadisə üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İnzibati xəta mövcud olmamışdır. Həqiqət isə yuxarıda qeyd edilmiş sənədlərdə öz əksini taparaq, tam aşkar müəyyən edilir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lǝ müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Lakin yuxarıdakı sübutlarla, sənədlərlə müəyyən edilən işin halları və aşağıda sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Həmin sənədlər qanunizidd deyil. İXM-nin 76 və 80-ci maddələrinə əsasən yazılı sənəd kimi sübutlar hesab edilir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması İXM-nin maddələri və Konstitusiya Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarında olan sənədləri, hüquqi şəxsin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi vardır. Belə ki, X2 daxil olmuş raportdan görünür ki, Şəxs MMC-nin 94752011 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş **********0741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmayıb. İş materiallarında olan Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********0741 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94752011 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 12:13 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Hüquqi şəxsin nümayəndəsinin etirazda bildirdiyi əsaslar hüquqi şəxsin inzibati xətanı törətməsinə dair təqsirini aradan qaldırmır. Satıcı tərəfindən invoysun verilməsinin gecikdirilməsi onun təqsirini aradan qaldıran, inzibati məsuliyyətdən azad edilməsinə əsas vermir. Belə ki, invoysun verilmə tarixindən asılı olmayaraq mallar ölkə ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi gömrük orqanına verilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-ə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar