Məhkəmə qərarları › İş №3(003)-219/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-219/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-219/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişləri” gömrük postundan daxil olmuş 34/020/001815 saylı 22.01.2022-ci il tarixli raporta əsasən "xxxx" MMC poçt daşımaları şirkəti tərəfindən elektron qaydada gömrük orqanlarına bəyan edilmiş **********3 **********5 saylı aviaqaimə ilə daxil olmuş poçt göndərişinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş, risk qiymətləndirilməsi həyata keçirilmiş və aparılan gömrük baxışı zamanı 5 (beş) ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi, eyni ünvandan göndərilməsi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. “Poçt Göndərişləri” gömrük postunun 22.01.2022-ci il tarixli 34/020/001815 nömrəli raportuna əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq keçirilən yoxlama zamanı yuxarıda adları qeyd edilən şəxslərlə bağlamaların üzərində qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. Araşdırma ilə əlaqədar HNBGİ Təhqiqat şöbəsinə gələn Azərbaycan Resublikasının vətəndaşı Səmədova X1 "xxxx" MMC daşıma şirkəti vasitəsi ilə Aysel Səmədli, İradə Süleymanova, Zinyət Səmədova, İnqilab Süleymanovun adına daxil “Huda Beauty” brendinin kosmetik məhsullarından ibarət bağlamaları özünün sifariş verdiyini bu mallara görə 343,40 ABŞ dolları məbləğində pul ödədiyini bildirmişdir. Beləliklə araş dırma nəticəsində **********3, **********5 nömrəli aviaqaimələr ilə X2 göndərilən gömrük dəyəri 343,40 ABŞ dolları olan bağlamanın sahibi Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 343,40 ABŞ dolları (02.02.2022-ci il tarixinə olan məzənnəyə əsasən 583,78 manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi gömrük qaydaları əleyhinə olan inzibati xəta hesab olunur. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0017/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 343,40 (üç yüz qırx üç, qırx) ABŞ dolları valyuta vəsaiti məbləğinin qırx faizi – 137,36 (bir yüz otuz yeddi, otuz altı) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 09 mart 2022-ci il tarixə 1 ABŞ dolları 1.70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 137,36 (bir yüz otuz yeddi, otuz altı) ABŞ dolları pul vəsaiti 233,51 (iki yüz otuz üç, əlli bir) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 343,40 (üç yüz qırx üç, qırx) ABŞ dolları məbləğinin 40 (qızr) faizi, yəni 137,36 (bir yüz otuz yeddi, otuz altı) ABŞ dolları olmaqla 233,51 (iki yüz otuz üç, əlli bir) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar