Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2204/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Astara rayonunun Hamuşam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi X6 bildirdi ki, X5 xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində yaşadığı evə yaxın marketdən çıxaraq evə getdiyi zaman Şəxs onun arxası ilə gəldiyini görmüş və ondan arxası ilə gəlməsinin məqsədini soruşmuşdur. Vurğun adlı şəxs ona yaşadığı evin yerini bilmək istədiyini demiş, həmçinin Şəxs Türkan Dadaşovanın arxası ilə gəldiyi vaxtı onun ünvanına təhqir edicisi ifadə işlətmişdir. Bu zaman X9 Seyfullazadənin yanında “102” xidmətinə zəng vuraraq şikayət etmişdir. Daha sonra Türkan Dadaşova 3-cü Polis şöbəsinə gələrək şikayət ərizəsini yazmış və izahatı alınmışdır. Həmçinin bildirdi ki, polis şöbəsində araşdırma aparılan zaman Şəxs məhəllənin vəziyyətinə baxması barədə ifadələr işlətdiyindən, X9 Seyfullazadəyə ağır tənbeh verilməsini tələb etdiyindən Şəxs barəsində tərtib edilmiş protokolun məhkəmədə baxılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, X5 birinci dəfə hadisə zamanı görmüş, onunla əvvəllər hər hansı bir mübahisəsi olmamışdır. Onlar yaşadıqları həyətə daxil olan və çıxan şəxsləri nəzarətdə saxlayırlar və təhlükəsizliklərini qoruyurlar. Həyətlərində narkotik maddə satan şəxsləri saxlayırlar və onları bu hərəkətin düzgün olmadığını izah edərək həyətdən kənarlaşdırırlar. Şəxslər başa düşməyəndə isə polis orqanlarına müraciət edirlər. xx.xx.2024-cü il tarixdə yaşadıqları evin yerləşdiyi küçədə olan marketdən çıxan zaman X2 görmüş və ondan kimliyini bilmək üçün burada yeni olduğunu soruşmuşdur. Onun hara getdiyini bilmək üçün arxası ilə getmişdir. X5 arxası ilə onun gəldiyini görüb dayanmışdır. O, X1 dayandığı yerə çatdıqda X5 ondan yolunu azıbazmadığını soruşmuşdur. O da, buranın onun məhəlləsi olduğu və kənar şəxs olmadığını, sadəcə onun hara getməsini müəyyən etmək üçün arxası ilə gəldiyini bildirmişdir. X5 ona “102” xidməti yığacağını bildirdikdə o, pis şeyin etmədiyini, yığmasını söyləmişdir. Bundan sonra X5 “102” xidməti yığmış, onu narahat edənin kim olduğu soruşulduqda o, adını söyləmişdir. Növbəti günü isə onu polis şöbəsinə çağırmışlar. Həmçinin bildirdi ki, X5 ondan yolunu azması barədə soruşanda o, bu məhəllədə böyüdüyünü, azması ehtimalının olmamasını demişdir. Azmaq sözünü isə birinci başqa cür başa düşdüyündən X1 ünvanına “azan onun kimi olur” kimi ifadə işlətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, Şəxs onu birinci dəfə hadisədən bir müddət əvvəl başqa mağazadan çıxan zaman görmüş, Vurğun həmin zaman başqa şəxslərlə birlikdə olmuş və onun barəsində ərinin ölməsi barədə danışmışlar. O isə bu hala əhəmiyyət verməmişdir. Şəxs ilə bir müddətdir ki, eyni küçədə yaşayırlar. Hadisə günü o, mağazada olmuş, Şəxs mağazaya daxil olub siqarət alaraq çıxmış, sonra isə pul xırdalamaq üçün yenidən mağazaya daxil olmuş və satıcıdan onun buralarda yeni olduğunu soruşmuşdur. Bu zaman o, 6-7 aydır burada yaşadığını və nə lazım olduğunu soruşmuşdur. Şəxs cavab olaraq heçnə bildirmiş və mağazadan çıxmışdır. O, mağazadan çıxdıqdan sonra Şəxs onun arxası ilə gəlmiş və gəldiyi vaxtı ona qarşı təhqiredici ifadələr işlətmişdir. Həmin zaman Şəxs tək olmamış, yanında başqa şəxs olmuş və həmin şəxsə “bunun dalına bax, gör necə bir şeydir” demiş, digər oğlan isə arxası ilə getməsini, bəlkə dayanacağını söyləmişdir. Bir az getdikdən sonra dayanmış və Şəxs ona yaxınlaşdıqda ondan nə istədiyini soruşmuş, ondan “102” xidmətinə şikayət edəcəyini demişdir. Şəxs ona şikayət edə biləcəyini söyləmişdir. O, “102” xidmətinə zəng vurmuş, ondan onu narahat edən şəxsin adını soruşduqda, özündən adını öyrənib əməkdaşa bildirmişdir. Dünən polis şöbəsində ondan ərinin ölməsini bilərək onun arxası ilə nə üçün gəldiyini soruşduqda, Şəxs ona məhəlləyə baxdığını, kimin gəlib-getdiyinə nəzarət etdiyini bildirmişdir. Həmçinin bildirdi ki, Şəxs yolunu azması barədə soruşduqda, Şəxs ona “azan sənsən” demişdir. Hazırda Şəxs şikayətçidir və barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində küçədə təhqir etmişdir. -xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İş üzrə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evin ünvanı istiqamətində hərəkətdə olan X1 arxası ilə heç bir səbəb olmadan, sırf X2 narahat etmək və edəcəyi əxlaqsız təkliflərə razılıq verib-verməyəcəyini yoxlamaq kimi pis bir niyyətlə getməklə və heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ünvanına nəlayiq ifadələr işlədərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etmiş, həmçinin bu hərəkətlər cəmiyyətin üzvü olan X1 qanuni mənafelərinə toxunmuşdur. Bu halı, özünü təqsirli bilməsə də Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, həmçinin onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə çatmasının mümkün olmayacağını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə hesab edir ki, həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 X3 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2204/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2204/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver