Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-221/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs (bundan sonra "xxxx" MMC) vəkili və nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində olan olan vəsaiti 16 dekabr 2019-cu il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 03 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili və nümayəndəsi X2 göstərdi ki, 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində vəsait Şəxs MMC ilə “AGZULASA CİA LTDA” şirkəti arasında imzlanmış 25 yanvar 2019-cu il tarixli müqaviləyə görə Şəxs MMC tərəfindən “AGZULASA CİA LTDA” şirkətinin hesabına köçürülmüşdür. Bu müqavilənin predmeti olan mallar 19 dekabr 2019-cu il tarixdə ölkəyə gətirilmişdir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 16 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 19 dekabr 2019-cu il tarixli gömrük bəyannamələrindən görünür ki, cəmi 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində olan mallar ölkəyə gətirilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait “Kapital Bank ASC-də olan hesabından 16 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. 19 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində olan mallar ölkəyə gətirilmişdir. Göründüyü kimi, ödənilmiş valyuta vəsaitinin qarşılığında 19 dekabr 2019-cu il tarixdə malların ölkəyə daxil olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 03 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X4 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin 35100 (otuz beş min bir yüz) ABŞ dolları məbləğində olan vəsaiti 16 dekabr 2019-cu il il tarixdə xaricə köçürülməsi və 02 (iki) il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməməsi qeyd edilsə də, lakin göstərilən məbləğ qarşılığında mallar ölkəyə daxil edildiyindən, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-221/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-221/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver