Məhkəmə qərarları › İş №3(003)-2240/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2240/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2240/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Şəxs nümayəndəsi Şahid4, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi Kamran Ağayevin iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsin göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan icraçı direktoru Şahid4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Bakı şəhəri Nərimanov rayoun ərazisində Şərq Bazarı Əmlak Kompleksində usta kimi işləməsinə dair Şahid2 ilə razılığa gələrək göstərilən vəzifələrin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməyərək, 2024-cü ilin avqust-sentyabr aylarında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etmiş, onunla əmək müqaviləsi deyil xidməti müqavilə bağlamışdır. Buna görə də hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Kamran Ağayev qəbul edilmiş qərarın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Şahid4 qərarla razı olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şahid2 iş gördürmək barədə tapşırıq verilsə də, sonuncu heç bir iş görməmişdir. Belə ki, onun görməli olduğu iş daha sonraki mərhələdə yerinə yetirilməli idi. Əli Samir adlı işçinin qohumu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Murat Uğras ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də layihə rəhbəri işləyir. 2024-cü ilin avqust ayının əvvəlindən orada işləyir. İşçilərə nəzarət etmişdir. Şahid2 oraya hərdən bir gəlmişdir. O, özünü onlara Samir adlı işçilərinin dostu kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də qaynaqçı kimi işləyir. Şahid2 şirkətdə görmüşdür. Samir orada briqadir kimi işləmişdir. Samir pulu onlara verirdi. Lakin, sonradan pul verməyi dayandırmışdır. Əli və Samir ikisi birlikdə orada olurdular. Onlar heç bir iş görmürdülər. O, görüləcək işləri Muratla məsləhətləşərək etmişdir. Şəxs MMC-nin nümayəndəsi Şahid4 etiraz ərizəsi ilə müraciət edərək orada bildirmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanına 9 dekabr 2024-cü il tarixində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılmasının 19 dekabr 2024-cü il tarixində, saat 12:20-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında təyin edilməsi haqqında Bildiriş göndərilmişdir. Həmin Bildiriş şirkətin elektron məhkəmə kabinetinə də yüklənmişdir. Həmçinin, 19 noyabr 2024-cü il tarixli, 24-1-0-0/000-1663-2 nömrəli inzibati xəta haqqında işin başlanması barədə Qərar şirkətin elektron məhkəmə kabinetinə də yüklənmişdir. Bu Qərarda Şahid2 izahatı təqdim olunur. O qeyd etmişdir ki, 2024-cü ilin avqust ayında "İmzalı İnşaat” MMC-nin direktoru Şahid4 tərəfindən "Şərq Bazarı" ərazisində təmir işlərinin görülməsi üçün cəlb edilmiş, lakin onunla heç bir müqavilə bağlanmamışdır. Bu iddia ilə bağlı etiraz edir ki, həmin şəxs 2024-cü ilin avqust-sentyabr aylarında bu obyektdə hər hansı bir işə cəlb edilməmişdir. Aralarında 27 avqust 2024-cü il tarixli, 2024/01 nömrəli Subpodrat Müqaviləsi tərtib edilmişdir. Həmin müqavilədə bir tərəfdən Sifarişçi qismində "İmzalı İnşaat” MMC, direktor Şahid4 tərəfindən təmsil olunmuş, digər tərəfdən isə Subpodratçı qismində Fiziki şəxs Şahid2 (VÖEN: **********) çıxış etmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Subpodratçı Sifarişçinin tapşırığına əsasən Şərq Bazarı Əmlak Kompleksində təmir işlərini yerinə yetirmək öhdəliyini üzərinə götürür. Qərarın özündə qeyd edildiyi kimi, sözügedən müqavilə "İmzalı İnşaat” MMC-nin direktoru Şahid4 tərəfindən imzalanmışdır. Lakin Şahid2 tərəfindən bu müqavilə imzalanmamışdır. Tərəflər arasında şifahi razılaşmalar və yazılı yazışmalar mövcuddur. Bu yazışmalarda tərəflər, müqavilənin imzalanmasının Şərq Bazarı Əmlak Kompleksində betopan (betopan konstruksiyaları) quraşdırılması işlərinə başlandıqda həyata keçirilməsi barədə razılığa gəlmişlər. Obyektdə fasiləsiz videomüşahidə aparılır və bu müşahidələrin avqust-sentyabr 2023-cü il tarixlərini əhatə edən görüntüləri məhkəməyə təqdim oluna bilər. Həmin görüntülərdə Allahverdiyev Əli Allahverdi oğlunun obyektdə heç bir iş görmədiyi, sadəcə olaraq, sərbəst girişin olduğu obyektə öz xalası oğlu Şahid1 Məqsud oğlunu ziyarət etmək məqsədilə gəldiyi müşahidə olunur. Şahid2 imzasının olmaması bir daha təsdiq edir ki, onun səlahiyyətinə aid olan işlər başlanmadığından, şirkət tərəfindən heç bir işə cəlb olunmamışdır. Həmçinin, Qərarda qeyd edilir ki, tərəflər arasında mülki müqavilə mövcud olsa, Əli Allahverdiyevin imzası olduğu halda belə həmin müqavilənin hüquqi qüvvəsi olmayacaqdır. Bunun əsasında Baş Prokurorluq izah verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndlərinə uyğun olaraq, əgər tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyətinə daxil olan işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlıdırsa, bu münasibətlər əmək münasibətləri hesab olunur və mülki müqavilələrlə tənzimlənə bilməz. Baş Prokurorluğun bu dəlillərini əsassız və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmayan hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 20 oktyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halları nəzərdə tutsa da, o cümlədən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsi ilə bağlı işlərin görülməsi ilə əlaqədar yarandıqda, bəzən bu tələblərə baxmayaraq, bu cür münasibətlər onların xarakterinə görə (məsələn, birdəfəlik və ya qeyri-müntəzəm xarakterli olduqları üçün) mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilə bilər. Bu səbəbdən məhkəmələrə tövsiyə olunur ki, tərəflər arasındakı münasibətlərin əmək münasibətləri olub-olmamasını müəyyən edərkən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndində qeyd olunan halları, o cümlədən belə münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsi ilə bağlı əmək öhdəliklərinin, işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar olubolmamasını nəzərə alsınlar, bu münasibətlərin xarakterini və həqiqi mahiyyətini, işin faktiki hallarını araşdırıb, bu əsasında qərar qəbul etsinlər. İşlərin bir dəfəlilik xarakteri, tərəflər arasında bağlanmış Subpodrat müqaviləsinin 2.1-ci maddəsi ilə təsdiqlənir. Həmin maddəyə əsasən, Subpodratçı Müqavilə üzrə öhdəsinə götürülmüş işləri 2 (iki) ay ərzində yerinə yetirəcəkdir. Buna əsasən, məsələnin faktiki şərtləri nəzərə alındıqda, tərəflər arasında mülki-hüquqi müqavilə bağlanmalı idi. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. "xxxx" MMC tərəfindən inzaibati xəta hadisəsi törədilmədiyi üçün inzibati xəta haqqında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xahiş edir ki, "İMZALİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işlə bağlı icraata xitam verilməsi barədə qərar qəbul edilsin. Məhkəmə, işdə iştirak edən şəxsləri, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. İşin araşdırılmış hallarından görünür ki, Şahid2, Şəxs MMC-nin direktoru Şahid4 tərəfindən Bakı şəhəri Nərimanov rayonunda işə cəlb edilmiş, lakin onunla Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Şahid4 Şahid2 MMC-yə işçi kimi qəbul edilməməsini və sonuncu ilə aralarında xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi bağlandığını, onun qeyd olunan tarixlərdə ümumiyyətlə heç bir iş görmədiyini bildirmişdir. Lakin, bütün bunlar işin araşdırılmış hallarından müəyyən olunmamışdır. Həmçinin qeyd olunan subpodrat müqaviləsi Şahid2 tərəfindən imzalanmamışdır. Belə ki, Şəxs MMC ilə Şahid2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi məhkəməyə təqdim edilsə də (iş materiallarında mövcuddur), məhz həmin müqavilə əsasında Şahid2 Şəxs MMC-nin direktoru tərəfindən Bakı şəhəri Nərimanov rayonunda aparılan inşaat işlərinə cəlb edilməsi iş üzrə müəyyən edilməmişdir. Belə ki, Cinayət təqibindən kənar icraatlar idarəsinə şikayət etmiş şəxs, Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayında Şərq Bazarının söküntüsü ilə əlaqədar "xxxx" MMC-nin direktoru Zəka adlı şəxs tanışı Şahid1lə əlaqə saxlayaraq 5000 kv metr ərazidə bazarın damının söküb yenidən qaynaq işləri görməklə bağlı razılaşmışdı. Həmin vaxt Samir onun orada usta kimi işləmək istəyib-istəmədiyini soruşmuşdu. O da Samirlə razılaşaraq işləyə biləcəyini bildirmişdir. Bundan sonra, yəni 2024-cü ilin iyul və avqust aylarında o, orada usta kimi dama list dəmirlərin vurulması, izolyasiya edilməsi işlərini görmüşdür. Həmin vaxt Şahid4 "İmzalı İnşaat” MMC-nin direktoru kimi bütün iş müddəti ərzində orada olmuş və görülən işlər barədə onlara öz göstərişlərini vermişdir. Lakin avqust ayının sonunda o və digər işçilər onların əmək haqlarının Şahid4 tərəfindən verilmədiyini görüb işi yarım saxladılar. Hal-hazıradək Şahid4 onun 1450 manat əmək haqqını verməmişdir. Şahid1, Həbib Ağayev və Xalıq adlı şəxslər orada onunla birlikdə işləmişdir. O, orada heç bir müqavilə bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. Şahid4 guya onunla xidməti müqavilə bağlayacağını bildirmişdi, amma o, heç bir müqaviləyə imza atmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar