Məhkəmə qərarları › İş №3(003)-2242/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2242/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2242/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (Əmək Müfəttişliyi) nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs (MMC) direktoru X6 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək Müfəttişliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Əmək Müfəttişliyi tərəfindən Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2025-ci il tarixli ******* saylı protokol tərtib edilərək hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, X2nun işlərin görülməsi zamanı xəsarət alması ilə bağlı məlumat əsasında araşdırma aparılmış və araşdırma zamanı Şəxs MMC tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən onun işlərə cəlb edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Əmək Müfəttişliyinin nümayəndəsi protokolda qeyd edilənlərə uyğun izahat verərək göstərmişdir ki, usta vəzifəsində çalışan X2nun məhz Şəxs MMC-də işlərin görülməsi zamanı xəsarət alması ilə bağlı 2 saylı TTYS-n səyyar həkiminin məlumatı əsasında araşdırma aparılmış və araşdırma zamanı onun həmin şirkətdə əmək müqaviləsi olmadan işləməsi müəyyən edilmişdir. X7 ilə əlaqə saxlanılmış, o, ilk öncə Binə qəsəbəsində, öz evinin həyətində xəsarət aldığını, sonradan isə hər iki ünvanda xəsarət almasınını bildirmiş, ziddiyyətli fikir söylədiyindən əlavə suallar verilsə də, suallara cavab verməkdən imtina etmişdir. Elçin Novruzov şirkətin mənafeyinə uyğun, yalan izahatlar verdiyi üçün Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru bildirmişdir ki, Şəxs MMC-ə məxsus “Mokaland” pizza evi ünvan 1 ünvanda yerləşən “Evim Store” mağazasının içərisində, icarə əsasında fəaliyyət göstərir. X2 heç vaxt onların işçisi olmamış, rəhbərlik etdiyi hüquqi şəxs üçün hər hansı bir işin görülməsi üçün cəlb edilməmişdir. xx.xx.2025-ci il tarixdə həmin şəxsin “Evim Store” mağazasının içərisində xəsarət alması ilə bağlı həqiqətən də X15 çağırlmışdır. Sonradan maraqlandıqda müəyyən etmişdir ki, Elçin Novruzov orada hansısa dostunun yanına gəlib görüşmüş və kimsə divara nə isə vurmaq istədikdə ona kömək edən zaman yıxılıb xəsarət almışdır. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasına dəvət edilmiş X2 bildirmişdir ki, istər usta, istərsə də fəhlə kimi fəaliyyət göstərməmiş, əvvəl taksi fəaliyyəti ilə məşğul olmuş, sonralar isə maşın yuyulması yerlərində maşın yuyucusu (“moyşik”) kimi işləmişdir. xx.xx.2025-ci il tarixdə dostu ilə “Evim Store” mağazasının içərisində görüşüb söhbət edən zaman kiminsə divara nə isə vurmaq istədiyini görüb ona köməklik göstərmək istəmiş, lakin öz ehtiyatsızlığı ucbatından yıxılıb xəsarət almışdır. Bununla bağlı X16 çağırlmışdır. Eyni zamanda bir neçə gün əvvəl yaşadığı Binə qəsəbəsində, həyətlərində iş görərkən də yıxılmışdır. Məhz bu səbəbdən xəsarət alması ilə bağlı ona sonralar zəng vurularkən həm evlərində, həm də “Evim Store” mağazasının içərisində xəsarət alması barədə bildirmişdir. X11 qeyd etmişdir ki, heç bir vaxt Şəxs MMC tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, həmin şirkətdə işləməmişdir. xx.xx.2025-ci il tarixli “Müraciət vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 10.50 radələrində 2 saylı TTYS səyyar həkimi Turan Nəsibova xx.xx.2025-ci il tarixdə saat 13.55 radələrində istehsalatda bədbəxt hadisənin baş verməsi, ünvan 1 ünvanda yerləşən “Evim Store” mağazasının içərisində fəaliyyət göstərən “Mokaland” pizza evində usta vəzifəsində çalışan xx.xx.1987-ci il təvəllüdlü X2nun xəsarətlə X15 Stansiyasına daxil olması barədə məlumat vermişdir. Müraciətlə bağlı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə X2 ilə telefon vasitəsi ilə xəsarət almasına dair əlaqə saxlanılmış, Elçin Novruzov ilk dəfə öz evinin həyətində Binə qəsəbəsində ayağının burxularaq yıxılması, iş yerinin olmadığını, fəhlə kimi işlədiyini bildirib digər sualları cavablandırmamış, ikinci dəfə isə ümumiyyətlə suallara cavab verməyib onu bu məsələ ilə narahat edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri və məhkəmənin təşəbbüsü ilə dəvət edilmiş X2nu dinləyib hesab edir ki, hazırki iş materiallarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, nə hüquqi şəxsin nümayəndəsi, nə də ki vətəndaş X1 hər hansı işlərə cəlb edilməsini bildirməmişlər. Əmək Müfəttişliyinin Şəxs MMC tərəfindən Elçin Novruzovun işlərə cəlb edilməsi qənaəti isə yalnız xəsarətlə bağlı daxıl olmuş X3 “Mokaland” pizza evində usta vəzifəsində çalışması barədə vətəndaşın sözlərindən X15 Stansiyasının həkiminin məlumatına əsaslanmış, Elçin Novruzovun Şəxs MMC tərəfindən işlərə cəlb edilməsini təsdiq edən digər sübütlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Yəni İXM-in 192.1-ci maddəsinin tərkib əlamətini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təşkil etdiyi halda Şəxs MMC-nin əməlində qeyd edilən hərəkətlərin mövcudluğu məhkəmə iclasında sübuta yetirlməmişdir. İXM-nin müddəalarına əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar