Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2246/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, kosmetik vasitələri reklam etmək üçün gətirmiş, yəni həmin vasitələri tanıtmaq üçün gətirmişdir. Qanunu bilmədiyindən xaricdən gətirdiyi malları bəyan etməmişdir. Hazırda əməlindən peşmandır və həmin vasitələrin müsadirə olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnikleytenantı Rauf Əhmədzadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün AR CPMnin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs əməlində AR İXM-nin 482.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati icraatın açılması və inzibati qaydada məsuliyyətə cəlb edilməsi, qərarın surəti AR İXM-nin 482.1-ci maddəsinə əsasən inzibati icraat açılması üçün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi və aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış - 60 (altmış) qutu “X1 Toz 1 flakon” adlı dərman vasitəsinin, 5 (beş) qutu “Juvederm Ultra 3” markalı, 5 (beş) qutu “Juvederm Ultra 4” markalı və 5 (beş) qutu “Juvederm Voluma” markalı tibbi vasitələrin saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli, 00800-01045/24 saylı protokoldan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsindən xx.xx.2024-cü il tarixli 3-13-15/2-2536/2024 nömrəli məktubla daxil olmuş HK-1/85 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Şəxs əməlində malların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan edilməməklə keçirilməsi inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində AR İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsinin təmin olunması göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 08 iyun 2024-cü il tarixdə TK332 saylı İstanbul-Bakı aviareysi ilə gələrkən ümumi dəyəri 10050 manat təşkil edən 60 (altmış) qutu “X1 Toz 1 flakon” adlı dərman vasitəsini, 5 (beş) qutu “Juvederm Ultra 3” markalı, 5 (beş) qutu “Juvederm Ultra 4” markalı və 5 (beş) qutu “Juvederm Voluma” markalı tibbi vasitələrini gömrük sərhədindən gömrük orqanına təqdim etmədən, yazılı, şifahi və elektron formada bəyan olunmadan keçirmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi orta bazar qiyməti 10050 manat məbləğində malları gömrük orqanına mütləq bəyan edilməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda- inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlindən səmimi peşmançılır hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, həmçinin gətirdiyi malların müsadirə edilməsi barədə iş üzrə qərar qəbul edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 60 (altmış) qutu “X1 Toz 1 flakon” adlı dərman vasitələri, 5 (beş) qutu “Juvederm Ultra 3” markalı, 5 (beş) qutu “Juvederm Ultra 4” markalı və 5 (beş) qutu “Juvederm Voluma” markalı tibbi vasitələr müsadirə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2246/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2246/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver