Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2250/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə X2 Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24122844 nömrəli inzibati tənbeh vermə haqqında elekton qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24122844 nömrəli inzibati tənbeh vermə haqqında elekton qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ X7 İdarəsi tərəfindən əsassız olaraq xx.xx.2024-cü il tarixli EQ24122844 saylı inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən ona əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsi ilə 100 manat 2 bal məbləğində cərimə hesablanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri R.Behbudov küçəsində özünə məxsus olan Toyota markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən ümumi istifadə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağında nə hərəkət etmiş nədə durmamışdır. Sadəcə olaraq, 1.1 üfüqi nişanlama xəttini pozub manevr etmişdir yəni, İXM-nin 327.1-ci maddesinin tələbini pozaraq 40 manat məbləğində qayda pozmuşdur. Lakin, həmin maddə inzibati xəta haqqında protokolda qeyd olunmayıb əvəzində 327.1-1 əsassız olaraq 100 manat 2 bal cərimə hesablamışdır. Məhkəmə iclasında X3 şikayətdə qeyd olunanlara uyğun izahat verərək Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24122844 nömrəli inzibati tənbeh vermə haqqında elekton qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24122844 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 tərəfindən verilmiş vəsatətdən görünür ki, o, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi mənzil 32-də qeydiyyatda olmaqla yaşayır. Bu səbəbdən hazırkı şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videoyazıdan görünür ki, X3 tərəfindən idarə olunan avtomobil 5.9, 5.10.1-5.10.3-cü nişanlarına keçmiş, lakin həmin yolda (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yolda) hərəkət etməmiş, dərhal digər yola keçid edərək hərəkətini davam etdirmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24122844 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta törətmiş şəxs, “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsinin pozulması göstərilməmiş və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar müəyyən edilməmiş və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 24122844 nömrəli inzibati tənbeh vermə haqqında elekton qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi DYPİ nömrəli inzibati tənbeh vermə haqqında elekton qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2250/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2250/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver