Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2257/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi (bundan sonra mətndə Reklam İdarəsi) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-yə məxsus, Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron (Xanlar) küçəsində yerləşən “Caspian Vet-Bethoven” baytarlıq klinikası müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. "xxxx" MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmədən nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə İXM-nin 61.3cü maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi nümayəndəsi, tərtib edilmiş protokola uyğun çıxış edərək hüquqi şəxsin inzibati məsuliyyətə alınmasını xahiş etmşdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, həmin tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron (Xanlar) küçəsində yerləşən, "xxxx" MMC-yə aid “Caspian Vet-Bethoven” baytarlıq klinikasına məxsus reklamlar müvafiq icazəsi olmadan açıq məkanda yerləşdirilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Təqdim edilmiş fotoşəkillərdən məlum olur ki, həqiqətən də “Caspian Vet-Bethoven” baytarlıq klinikasının qarşısında, həmin klinikaya aid açıq məkanda olan avadanlıqda, eləcə də tikilinin fasadında bir neçə iri ölçüdə reklam yerləşdirilmişdir. Reklam İdarəsinin "xxxx" MMC-ə ünvanlanaraq, hüquqi şəxsə xx.xx.2025-ci il tarixdə çatdırılmış xx.xx.2025-ci il tarixli göstərişindən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 3cü bəndinin tələblərinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması tələb edilsə də, "xxxx" MMC tərəfindən göstəriş icra edilməmiş, pozuntular aradan qaldırılmamışdır. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-nin 428.7.1-ci maddəsi blanket dispozisiyaya malik olduğundan məhkəmə bu maddənin spesifik cəhətlərinin təhlil edilməsini zəruri hesab edir. Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, blanket dispozisiyaya malik inzibati qanununun müddəalarının əlamətlərinin və məzmununun aydınlaşdırılması üçün başqa qanunlara, yaxud da başqa hüquq sahəsinin normativ aktlarına istinad (göndəriş) edilməlidir. "xxxx" MMC-ə istinad edilən İXM-nin 428.7.1-ci maddəsində qeyd olunan “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına”nın nədə ifadə olunduğunu müəyyən etmək üçün müvafiq normativ hüquqi aktların məzmunu, hazırkı halda isə “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-İVQ nömrəli Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası” nəzərə alınmalıdır. Belə ki, “Reklam haqqında” Qanunun tələblərinə görə reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır (maddə 2.0.1). Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur (maddə 26.1). Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir (maddə 26.2). “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi”nə dair Qaydalara görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur (1.3-cü bənd). Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur (1.4-cü bənd). Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir (1.5-ci bənd). Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Reklam İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparılıb əsaslı olaraq hüquqi şəxs "xxxx" MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxsin barəsində tətbiq olunacaq inzibati tənbehin həddi ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" MMC barəsində inzibati tənbeh tədbiri seçilərkən inzibati xətanın xarakteri, hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddinə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: "xxxx" MMC İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5.000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(003)-2257/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2257/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver