Məhkəmə qərarları › İş №3(003)-2269/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2269/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2269/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 16 avqust 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 14706 Avro məbləğində vəsaiti 10 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14706 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 avqust 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən aparılmış 14706,00 avro məbləğində pul vəsaitinin "xxxx" ASC-nin vasitəsilə xaricə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində 16 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolu qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, 10 avqust 2021-ci il tarixdə müqavilə üzrə mal almaq üçün 14706,00 avro pul vəsaitini “Karelia Tobacco” şirkətinə göndərmişdir. Həmin ödəniş xx.xx.2021-ci il tarixli müqavilə əsasında ödənilsə də, lakin bəyannamə yazılarkən texniki səhv baş vermiş və 4011, 4013 kodlarında müqavilənin tarixi, nömrəsi səhv göstərilmişdir. Bu səbəbdən də "xxxx" ASC tərəfindən həmin bəyannamə qəbul edilməyərək Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət olunmuş və həmin müraciətdən sonra qeyd olunan yalnışlıq bəyannamədə düzəliş edilmiş və bütün tarix və nömrələr dəqiqləşdirilmişdir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan dəfələrlə xəbərdar olunmasına baxmayaraq, həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, “X1 İnc” şirkətindən "xxxx" MMC-yə 02 sentyabr 2021-ci il tarixli, **********8355 nömrəli gömrük bəyannaməsi ilə mallar gəlmişdir. Lakin mallar bəyan edilən zaman broker əməkdaşı səhvən 44-cü qrafada 4011 və 4013 kodu üzrə müqavilə və müqaviləyə əlavə nömrəsini köhnə müqavilənin nömrə və tarixini qeyd etmişdir. Lakin həmin bəyannamə üzrə müqavilə və əlavəsinin nömrəsi 4011 və 4013 kodu nömrəsiz qeyd edilməklə, müqavilənin tarixi 01 yanvar 2021-ci il tarixi qeyd edilməli idi. Hazırda bank köçürmə əməliyyatını 01 yanvar 2021-ci il tarixli müqavilə üzrə etdiklərinə görə bəyannamənin düzəldilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən 02 sentyabr 2021-ci il tarixli **********8355 nömrəli gömrük bəyannaməsində 44-cü qrafada 4011 və 4013 kodu üzrə müqavilə nömrəsinin nömrəsiz qeyd edilməklə, müqavilənin və əlavəsinin tarixinin isə 01 yanvar 2021-ci il tarixi qeyd edilməklə dəyişdirilməsi üçün lazımi prosedurların həyata keçirilməsi üçün tapşırıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan **********8355 nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən edilmiş müraciət əsasında bəyannamədəki yalnışlıqlar ardan qaldırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunmuş 10 avqust 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də müştəri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vəsaitini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürmüşdür. “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız iki halla yol verilir; qanunla müəyyən edilmişdirsə və ya ictimai maraq kəsb edirsə. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X2 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Azərbaycan Respublikasının Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC 14706 Avro məbləğində vəsaiti 10 avqust 2021-ci il tarixdə xaricə köçürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, köçürülmüş 14706 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilməməsi əsası ilə inzibati orqan tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qeyd etmişdir ki, 10 avqust 2021-ci il tarixdə müqavilə üzrə mal almaq üçün 14706,00 avro pul vəsaitini “Karelia Tobacco” şirkətinə göndərmişdir. Həmin ödəniş xx.xx.2021-ci il tarixli müqavilə əsasında ödənilsə də, lakin bəyannamə yazılarkən texniki səhv baş vermiş və 4011, 4013 kodlarında müqavilənin tarixi, nömrəsi səhv göstərilmişdir. Bu səbəbdən də "xxxx" ASC tərəfindən həmin bəyannamə qəbul edilməyərək Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət olunmuş və həmin müraciətdən sonra qeyd olunan yalnışlıq bəyannamədə düzəliş edilmiş və bütün tarix və nömrələr dəqiqləşdirilmişdir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan hüquqi şəxs tərəfindən 14706 avro məbləğində xarici valyutada olan vəsait hesabına alınan mallar ölkə ərazisinə idxal edilmiş və bu barədə "xxxx" ASC-yə müvafiq məlumat verilmişdir. Lakin malların ölkə ərazisinə idxal edilməsi ilə bağlı tərtib edilmiş gömrük bəyannaməsində texniki səhvə yol verilərək müqavilələrin tarix və nömrələri səhv göstərilmişdir. Bu səbəbdən müvəkkil bank tərəfindən həmin bəyannamə qəbul edilməmişdir. 31 iyul 2023-cü il tarixdə hüquqi şəxs qeyd edilən texniki səhvin aradan qaldılması ilə bağlı gömrük orqanına müraciət etmiş və bəyannamədəki qeyd edilən texniki nöqsanlar aradan qaldırılmışdır. Lakin buna baxmayraq müvəkkil bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına 10 avqust 2023-cü il tarixdə hüquqi şəxs tərfindən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinin pozulması ilə bağlı müraciət edilmiş və 16 avqust 2023-cü il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, göstərilən nöqsan texniki səbəblərdən və insan amilinə görə yaranmışdır. Həmçinin barəsində inzibati icraat aparılan hüquqi şəxs tərəfindən həmin texniki səhvin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasında xətanın yaranması üçün nəzərdə tutulmuş 2 il müddət tamam olmadan səlahiyyətli orqana müraciət edilmiş və müraciət öz müsbət həllini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar