Məhkəmə qərarları › İş №3(003)-2270/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2270/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2270/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Lerik rayonunun Tatonu kəndində doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 29 noyabr 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X4 bildirdi ki, 28 noyabr 2024-cü il tarixdə vətəndaş X2 DİN-nin “102” xidmətinə zəng edərək tanımadığı şəxsin onun yaşadığı həyətə daxil olması barədə məlumat vermişdir. Həmin tarixdə vətəndaş polis şöbəsinə dəvət olunaraq onun ərizəsi alınmışdır. Ərizəsi alındıqdan təxminən yarım saat sonra həmin şəxs yenidən polis şöbəsinə zəng edərək ərizəsində qeyd etdiyi şəxsin yenidən onun həyətinə daxil olduğunu bildirmişdir. Bundan sonra əməliyyat qrupu yaradılaraq Binə qəsəbəsi, Vaqif küçəsi 9 ünvanına getmişlər. Həmin ünvanda Şəxs həyətdə X1 ailəsi üzvləri ilə münaqişə etdiyini və nəlayiq ifadələr işlətdiyini görmüşlər. Dəfələrlə Şəxs sakitçiliyə riayət etməsini tələb etsələr də o, polisin qanuni tələbinə tabe olmayaraq torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Həmin şəxsi zorla polis şöbəsinə gətirmişlər, sərxoşluq müayinəsindən keçirmişlər və onun sərxoş olması müəyyən olunmuşdur. Əlavə olaraq bildirdi ki, şikayətçi ərizəsində qeyd etmişdir ki, Şəxs onun yaşadığı evin darvazasını yazmış, hasarına torpaq satılır elanları olan kağız yapışdırmış, ev sahibi ilə müaniqəşə girərək onu küçədə başqa şəxslərin yanında nəlayiq ifadələr işlədərək təhqir etmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, spirtli içkilərdən tez-tez istifadə edir. Onun ağaclarla bağlı məhkəmə işləri olmuşdur. Belə ki, Abutalıb Rəhmanov adlı şəxs onun həyətinə girərək 22 ədəd ağacı kəsmişdir. Məhkəmə qərarından on gün sonra yenidən onun həyətindən ağac kəsdiyinə görə məhkəməyə bununla bağlı müraciət etsə də məhkəmə onun iddiasını təmin etməmişdir. Məhkəmə gedən vaxtı Abutalıb Rəhmanov həmin ağacların olduğu yeri başqa şəxsə satmışdır. Həyətin sənədləri onların adınadır. Həmin həyətdə Abutalıb Rəhmanov cəmi iki sot yeri vardır. 07 avqust 2024-cü il tarixdə o öz həyətinə baxmağa gələrkən darvazasının olmadığını, əvəzinə başqa qapının qoyulduğunu görmüşdür. Həmin gün polis idarəsinə ərizə vermiş və daha sonra şöbəyə gedərək izahatda vermişdir. Lakin bununla bağlı heç bir polis əməkdaşı gəlib maraqlanmamışdır. Abutalıb Rəhmanovun torpaq sahəsini satdığı şəxs də həmin torpaq sahəsini İlqar Kazımova satmışdır. Onun evinə gedən yolu da zəbt edərək qapını bağlamışlar və o, öz ailəsi ilə birlikdə üç aya yaxındır ki, öz evlərinə daxil ola bilmir. Öz yaşadığı yerə yalnız o, hasarı aşmaqla keçə bilir. Hadisə olan gün gecə vaxtı hasarı aşaraq evə keçmək istəyərkən həyətdə beş-altı nəfər qadın ona kim olduğu dedikdə o, otuz ildir ki, orada yaşadığını bildirmişdir. Bu zaman qadınlardan biri ona buranı aldığını bildirmiş, o da ona hansı hissəni aldığını soruşmuşdur. Başqa aralarında heç bir söz söhbət olmamışdır. Bu vaxtı qadınlardan biri polisə zəng etmişdir. Bundan sonra həyətə polis əməkdaşları gəlmiş o və oğlu polis şöbəsinə gəlmişlər. O, gecəni polis şöbəsində qalmış bu gün isə onu məhkəməyə gətirmişlər. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, dörd gün olar ki, hadisənin baş verdiyi evə köçərək orada yaşayır və dörd gündə də problemlərlə üzləşmişdir. Bir gün qapısının ezərinə “bura zəbt olunub” sözləri yazılmış yazını görmüş, lakin əhəmiyyət vermədən həmin yazını silmişdir. Bundan sonra axşam evə qayıdarkən hasarın yenidən yazıldığını və hasardan nərdivanla bir nəfərin həyətə keçdiyini görmüş və ondan neynədiyini, hasarı niyə yazdığını soruşmuşdur. O da öz həyəti olduğunu və öz həyətini yazdığını bildirmişdir. Yenə buna əhəmiyyət verməmişdir. Bu hadisənin səhərisi günü dükandan qayıdarkən həmin şəxsin qaz sayğacının üstünə evin çıxarışını yapışdırdığını görmüşdür. Həmin şəxs ondan burdan həmin sənədin kimin qopardığını ondan soruşmuş o da bilmədiyini bildirmişdir. Bundan sonra həmin şəxs müxtəlif şəxslərin ünvanına nəlayiq ifadələr işlədərək onları söymüşdür. O da belə etməməsini onun qapısının yanı olduğunu və evdə arvad-uşaqların olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs bir azda səs tonunu qaldırmışdır. Bundan sonra o polis şöbəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun həyətinə bir qadın və uşaq gələrək ona buranı zəbt etdiyini bildirmişdilər. O da onlara buranı qanunla aldığını və əlində çıxarış olduğunu bildirmişdir. Bu zaman Şəxs hasardan aşaraq həyətinə daxil olmuş, həmin vaxt Şəxs içkili olmuş və əlinə kəndir alaraq ölçmə işlərini aparaq torpaq sahəsinin bir hissəsinin ona məxsus olmasını bildirmişdir. Ona həyəti tərk etməsini bildirsə də bura onun həyətidir və çıxmayacağını bildirmişdir. Daha sonra oğlunu polis əməkdaşlarını çağırmaq üçün göndərmişdir. Polis əməkdaşları gəldikdə də Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək torpaq sahəsini tərk etmək, həmçinin polis şöbəsinə getməkdən imtina etmişdir. Ona görə də polis əməkdaşları onu məcburi olaraq avtomobilə əyləşdirərək polis şöbəsinə aparmışlar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahid ifadəsini dinləyib, protokolu və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədilməsi inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/10967 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. -inzibati qaydada tutma haqqında AZA seriyalı, 016934 nömrəli, xx.xx.2024-cü tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” İşin hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Şəxs içkili vəziyyətdə hasarı aşmaqla iş üzrə şahid qismində dindirilmiş X1 istifadəsində olan Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşayış sahəsinə daxil olmuş və həmin sahənin bir hissəsinin ona məxsus olmasını iddia edərək orada olan şəxslərlə mübahisə etmişdir. Həmçinin bu zaman o, orada olan şəxslərin yanında nəlayiq ifadələr işlətmişdir. Bununla da o, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Həmçinin müəyyən olunur ki, hadisə ilə bağlı X1 şikayəti əsasında hadisə yerinə gəlmiş ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ərazini tərk etməklə onlarla birlikdə hadisə ilə bağlı araşdırma aparılması məqsədilə polis şöbəsinə getmək barədə qanuni tələblərinə əməl etməmiş və Şəxs, müqavimət göstərərək ərazini tərk etməkdən və polis şöbəsinə getməkdən imtina etmişdir. Bu haldan isə görünür ki, Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş üzrə müəyyən edilmiş halları əsaslanmaqla hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, həmçinin eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini ağırlaşdıran halın olmasını, eyni zamanda onun inzibati qaydada tutulmasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində tətbiq edilən inzibati cərimənin miqdarı 150 manat həddində müəyyən edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar