Məhkəmə qərarları › İş №3(003)-2277/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2277/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2277/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonunun Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 23 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs kirayədə yaşadığı ünvanda səs-küy salaraq ictimai asayişi pozmuş və nəticədə onu polis bölməsinə dəvət edən zaman polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 22 sentyabr 2025- ci il tarixdə vətəndaş Şəxs DİN “102” xidmətinə münaqişə olması və ev sahibinin onu bıçaqla hədələməsi barədə etdiyi müraciəti Xəzər RPİ 3-cü PŞ-də HK-1-2636 sayda qeydə alınmışdır. Bundan əlavə vətəndaş Şəxs polis şöbəsində olan zaman polisin qanuni tələbinə məhəl qoymamış, eyni zamanda polis şöbəsində olarkən ünvansız nəlayiq ifadələr işlədərək polisin gündəlik iş rejimini ümumilikdə 20 dəqiqə müddətində pozmuşdur. Bu barədə raport tərtib olunaraq toplanmış materiala əlavə olunmuşdur.Odur ki o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, qeyri-rəsmi münasibətdə olduğu Elza adlı xanıma kirayə qaldığı evin sahibinin 20 manat verməsi səbəbindən onunla mübahisə etmiş və DİN “102” xidmətinə bu barədə müraciət etmişdir. Polis şöbəsində olan zaman sərxoş və əsəbi vəziyyətdə olduğu üçün özündən çıxmış və ünvansız nəlayiq ifadələr işlətmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 23 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yüksək səslə söyüş söymüş, dəfələrlə hərəkətlərinin qanunsuz olması izah olunduqda hərəkətlərini davam etdirmiş, hərəkətlərinin qanunsuz olması izah olunduqda tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 23 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. 23 sentyabr 2025-ci il tarixli 1/10105 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. 23 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabre 2025-ci il tarixdə saat 02:10 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, onun ictimai asayişi pozaraq xırda xuliqanlıq etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200,0 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs inzibati qaydada saxlanıldığı 23 sentyabr 2025-ci il tarixdən 24 sentyabr 2025-ci il tarixədək inzibati həbsdə olduğu 01 gün nəzərə alınaraq onun üzərində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar