Məhkəmə qərarları › İş №3(003)-2282/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2282/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2282/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR, Şərur rayonunun Qabıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Naxçıvan MR, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində X5 102 xidmətinə müraciət etmiş və həmin müraciət əsasında o, X5 yaşadığı yerə getmiş və izahatını almışdır. X5 bildirmişdir ki, hazırda boşanma ərəfəsində olan əri Şəxs xx.xx.2024-cü il tarixdə işlədiyi mağazaya gələrək orada ona qarşı təhqiramiz ifadələr işlətmiş və onu vurmağa cəhd etmiş, lakin bu hal övladları tərəfindən qarşısı alınmışdır. Bundan sonra Şəxs şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. Şəxs özünü təqsirli bilməsədə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda o, arvadı X5 ilə ayrı yaşayırlar və iki övladları var. Oğlu, sərhəd qoşunlarına aid liseydə təhsil alır və onunla yaşayır. Hadisə günü oğlunu yaşadığı evə aparmaq üçün axşam vaxtlarında X3 işlədiyi mağazaya gəlmişdir. Həmin zaman oğlundan yemək yeyib-yeməməsi barədə soruşmuşdur. Oğlu yemək yemədiyini demişdir. Oğluna nəyə görə yemək vermədiyini soruşmaq üçün mağazaya daxil olmuş, lakin içəri daxil olmasına icazə vermədiyindən içəri daxil olmayaraq qapıdan oğluna niyə yemək verməməsi barədə X1. Bu halla bağlı aralarında mübahisə yaranmışdır. Bu zaman oğlu ilə Raidə mağazanın içərisində olmuş, qonşu mağazada işləyən qızı da oraya gəlmişdir. Mübahisə zamanı o əsəbləşdiyindən mağazanın içərisində, qapının yanında yerləşən və satıcının əyləşdiyi stola bir dəfə təpiklə vurub ordan çıxıb getmişdir. Lakin, həmin zaman o, söyüş söyməmiş və heç kimi vurmağa cəhd etməmişdir. Hazırda stolu vurduğuna görə özünü təqsirli bilir və buna görə X2 üzür istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində, 292 saylı tam orta məktəbin yaxınlığında yerləşən işlədiyi mağazaya gəlmişdir. O, əvvəllər də oraya gələrək onu təhqir etdiyindən oğlundan atasının içəri daxil olmasına imkan verməməsini bildirmişdir. Şəxs həmçinin həmin zaman içkili olmuş və oğlu ilə görüşdükdən sonra mağazadan aralaşmış, lakin bir az müddətdən sonra geri qayıdaraq nəyə görə oğluna yemək verməməsini soruşaraq onunla mübahisə etməyə başlamışdır. Ona çıxıb getməsini tələb etmiş, lakin Şəxs ona söyüş söyərək vurmaq üçün üstünə gəlmiş lakin, qızı onun qarşısına getmişdir. Bu zaman Şəxs ayağı ilə mağazanın içərisində olan və qapının yanında yerləşən stola vuraraq aşırtmışdır. Övladları ilə birlikdə qapını tutaraq onun içəri daxil olmasına imkan vermədiklərindən Şəxs, oğlu ilə birlikdə avtomobilə əyləşərək çıxıb getmişlər. Həmin zaman ətrafda olan bir-iki nəfər hadisənin şahidi olmuşlar. Hazırda uşaqlarına görə Şəxs qarşı şikayəti yoxdur. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində, 292 saylı tam orta məktəbin yaxınlığında arvadı X4 yüksək səslə nəlayiq ifadələrlə təhqir etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə oğlunu aparmaq üçün arvadı olan zərərçəkmiş şəxs X3 işlədiyi Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində, 292 saylı tam orta məktəbin yaxınlığında yerləşən mağazaya gəlmişdir. Həmin zaman uşağına yemək verməməsini bəhanə edərək X5 ilə mübahisə etmiş, mübahisə zamanı ictimai yer olan mağazada yerləşən stolu ayağı ilə vuraraq aşırtmışdır. Bununla məhkəmə hesab edir ki, Şəxs tərəfindən X3 mənafelərinə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman onun məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində tətbiq edilən inzibati cərimənin miqdarı 100 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar