Məhkəmə qərarları › İş №3(003)-229/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-229/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-229/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Xəzər rayonu Yeni yaşayış sahəsi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 09 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Pirallahı Rayon Məhkəməsinin 2(094)-53/2021 nömrəli, 09 mart 2021-ci il tarixli icra sənədinə əsasən 06 noyabr 2020-ci il tarixdən başlayaraq 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan Pirallahı Rayon Məhkəməsinin 2(094)-53/2021 nömrəli, 09 mart 2021-ci il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Hal-hazırda borclunun tələbkara 2210 (iki min iki yüz on) manat borcu vardır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə icra sənədini indiyə qədər tam icra etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 göstərdi ki, o, indiyə qədər borcluya aliment borcundan ödəniş etmək üçün dəfələrlə müraciət etmiş, lakin borclu aliment borcunu tam ödəmək əvəzinə alimenti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən az ödəyir, bu isə onu qane etmir, çünki uşaqlar böyüdükcə tələbatları da böyüyür, o isə uşaqların artan tələbatını borclunun ödədiyi cüzi məbləğlə həll edə bilmir. Hazırda borclunun ona 2210 (iki min iki yüz on) manat aliment borcu vardır. Bütün bunları nəzərə alaraq aliment borcunun tam ödətdirilməsinə köməklik göstərilməsini və borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 2210 (iki min iki yüz on) məbləğdə borcunu ödəyə bilmir. Borcunu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir. Ona bir qədər möhlət verilərsə, borcunu hissə-hissə olmaqla ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Xəzər rayonu Yeni yaşayış sahəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar