Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2308/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Füzuli rayonunun Aybasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, Füzuli rayonu, Alxanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, yay aylarında satış məqsədilə 5 ədəd mobil telefon gətirdiyi zaman gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda əməlindən peşman olmasını, eyni zamanda cərimə olunacağı təqdirdə həmin cəriməni ödəməkdə imkanının olmayacağını nəzərə alaraq mobil telefonların müsadirə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 00800-01072/24 nömrəli protokoldan görünür ki: - 20 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən mobil telefonların Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı ərazisində ölkəyə gələn müxtəlif sərnişinlərdən qəbul edilərək Bakı şəhəri ərazisində realizə olunması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Heydər Əliyev adına X2 xarici ölkələrdən gələn sərnişinlərin köməkliyi ilə sözügedən malların hava limanının ərazisində şəxs tərəfindən toplanılması faktı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq müvafiq əməliyyat qrupu yaradılmış və zəruri tədirlər həyata keçirilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında, həqiqətən də xarici ölkələrdən sərnişin qismində gələn və şəxsiyyəti hələlik məlum olmayan şəxslər tərəfindən gətirilən mobil telefonlar həmin şəxslər vasitəsilə gömrük nəzarətindən keçirilib gömrük nəzarəti zonasını tərk etdikdən sonra hava limanının 1-ci Terminalının qarşısında minik avtomobilləri üçün nəzərdə tutulan dayanacağında dayanan Azərbaycan Respublikası vətəndaşı Şəxs vermələri, sonuncunun dayanacaqda dayanmış “Vaz 21014" markalı, **-NP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerləşdirdiyi müəyyən olunmuşdur. Faktla əlaqədar olaraq mövcud hallar nəzarətdə saxlanılmış və əməliyyat qrupunun üzvləri həmin tarixdə X3 Hava Limanının 1-ci Terminalının qarşısındakı dayanacaqda dayanmış “Vaz 21014" markalı, **-NP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinir sürücüsü Şəxs yaxınlaşmış və nəqliyyat vasitəsindəki mallara baxı keçirilməli olduqları ona bildirilmiş, bu səbəbdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. Orada vətəndaşın ərizəsi alındıqdan sonra videoçəkilişdən istifadə olunmaqla aparılan baxış zamanı, 4(dörd) ədəd qutuda bağlı vəziyyətdə “Samsung A55 256GB” markalı və 1 (bir) ədəd açıq vəziyyətdə “Samsung A55 256GB” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Göstərilənlərdən başqa nəqliyyat vasitəsindən qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra aşkar olunmuş mobil telefonlar protokol əsasında götürülmüşdür. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma çərçivəsində aşkar olunmuş malların dəyərini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. ƏN MƏM-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/6071/2024 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mobil telefonların yeni vəziyyətdə olması nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 3360,00 manat müəyyən edilmişdir. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma çərçivəsində aşkar olunmuş malların dəyərini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. ƏN MƏM-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/6071/2024 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mobil telefonların yeni vəziyyətdə olması nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 3360,00 manat müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəvvən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən satış məqsədilə gətirilmiş cəmi dəyəri 3360.00 manat olan mallar (mobil telefonlar) Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilmişdir. Bu hal iş materialları ilə və özünün məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, məhkəmə, iş üzrə məsuliyyəti məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, eyni zamanda gətirilmiş mobil telefonların müsadirə edilməsi barədə xahişini nəzərə alaraq məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Hmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xx.xx.2024-cü il tarixdə gömrük yoxlaması zamanı Şəxs götürülmüş, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin anbarında saxlanılan 5 ədəd “Samsung A55 256GB” markalı mobil telefonlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2308/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2308/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver