Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2324/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş protokolun silinməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 23:13:52-də barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərtib edilmiş protokolun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında qərarın deyil, tərtib edilmiş protokolun silinməsi tələb edir. Bu hal isə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, göründüyü kimi qanunvericilik vəzifəli şəxs tərəfindən qəbul olunmuş qərarlardan şikayətlərə baxılması qaydasını nəzərdə tutmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılması nəzərdə tutulmuşdur. Şikayətə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 22665761 nömrəli elektron qərardan isə görünür ki, inzibati xətanın törədildiyi yer Yusif Səfərov küçəsidir. Bu halda isə şikayət vermiş şəxs həmçinin şikayətinə, yaşadığı yer üzrə baxılmasına dair vəsatət də əlavə etməmişdir. Həmçinin qeyd olunur ki, qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət vermək müddətini müəyyən etmişdir. Hazırki iş üzrə şikayət ərizəsinə əlavə edilmiş yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli qərar nəzərə alındıqda və bununla hesab edilsə ki, şikayət məhz həmin qərarın ləğv edilməsindən ibarətdir, bu zaman şikayət ərizəsinə həmin qərarın hansı tarixdə əldə edilməsi barədə hər hansı bir sübut əlavə edilməməklə buraxılmış müddətin bərpası barədə vəsatət də şikayət ərizəsinə əlavə edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, şikayət düzgün formada tərtib edilmədiyindən, həmçinin şikayətə, şikayətçinin yaşadığı yer üzrə baxılmasına dair və buraxılmış müddətin bərpası barədə vəsatət əlavə edilmədiyindən bu şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması mümkün deyil. Ona görə də şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş protokolun silinməsi barədə X2 tərəfindən verilmiş şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2324/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2324/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver