Məhkəmə qərarları › İş №3(003)-2332/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2332/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2332/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Fərid Hüseynlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 17 dekabr 2024-cü il tarixdə “BİO Medical” klinikasında içkili vəziyyətdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edərək ictimai asayişi pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Fərid Hüseynli tərəfindən 17 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Fərid Hüseynli tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 17 dekabr 2024-cü il tarixdə 3-cü PŞ-nin növbətçi hissəsinə gələn zənglə polis əməkdaşları hadisə yerinə getmişlər. Həmin vaxt məlum olmuşdur ki, Şəxs “BİO Medical” klinikasında nalayiq ifadələr işlədərək klinikanın şəxsi heyyətində olan bir neçə nəfəri təhqir etmişdir. Daha sonra həmin şəxs polis şöbəsinə gəlməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf etməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə həmin klinikaya tanıdığı həkimin qəbuluna getmişdir. O, içkili olmamışdır. Ona istinad edilən əməllərin heç birini qəbul etmir. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Vüsal Hüseynov bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Binə qəsəbəsi H.Hasilov küçəsi bina 13 ünvanında yerləşən " BİO Medical" tibb mərkəzinin işçisi ***-***-**-** saylı mobil nömrədən Xəzər RPİ-nin 3 PŞ-nin NH-nə zəng edərək, bir nəfər şəxsin sözü gedən tibb mərkəzinə sərxoş vəziyyətdə gəlməsi və orada olan şəxslərin ünvanına nəlayiq ifadələr işlətməsi barədə məlumat vermişdir. Məlumatla əlaqədar 3-cü PŞ-nin sahə rəisi Heydər Bağırovla birlikdə Binə qəsəbəsi H.Hasilov küçəsi bina 13 ünvanına getmişlər. Həmin şəxsin izahatı alınması üçün PŞ-nə dəvət edən zaman onu ictimai qaydanı pozmamağa dəvət etsələr də o, öz xırda xuliqanlıq hərəkətlərini qərəzli şəkildə davam etdirərək polis şöbəsinə gəlməkdən imtina edərək polisin qanuni tələblərinə məhəl qoymamış polis əməkdaşlarına qarşı kobudluq etmişdir. Polis şöbəsinə gətirildikdən və sərxoşluq dərəcəsi müəyyən edildikdən sonra məlum olmuşdur ki, xx.xx.1978-ci il təvəllüdlü Şəxs orta dərəcəli sərxoş vəziyyətindədir. Müvafiq inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli 012007 saylı tutma haqqında protokoldan görünür ki, Şəxs 17 dekabr 2024-cü il tarixdə saat 16:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə məsuiyyəti yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar