Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2370/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Yetkinlik yaşın çatmayan zərərçəkmiş şəxs X1 və onun qanuni nümayəndəsi - anası X2 və iştirakı ilə Şəxs xx.xx.1986-cı il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yardımlı rayonunun Astanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Ş.Hüseynli küçəsi X7 yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19.50-də X8 həkim Mirzəliyev RPİ-yə zəng edərək Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “KİA” markalı **-AT-*** qeydiyyat nişanlı avtomobilin piyada 2018-ci il təvəllüdlü X3 vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki,, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi ərazisində sürücü Şəxs idarə etdiyi “KİA” markalı **-AT-*** qeydiyyat nişanlı avtomobillə piyada 2018-ci il təvəllüdlü X3 vuraraq xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X12 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polisleytenantı X6 tərəfindən xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, Şəxs və Xəzər RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən Şəxs və Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təhqiqat araşdırması zamanı verdiyi izhatından müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə saat 18.30 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisindən Binə körpüsü istiqamətinə doğru saatda təxminən 40 km/sürətlə yolun sağdan-sola 1-ci zolağı ilə hərəkətdə olarkən təxminən 6-7 metr məsafədən irəlidən yolun sol tərəfində yerləşən beton arakəsmənin arasından təxminən 5 yaşlı bir uşağın velosipedlə hərəktdə olduğu yola, sol zolağa daxil olmasını və onun istiqamətinə hərəkət etməsini, bundan sonra isə sol zolağdan sağ zolağa, yəni onun hərəkətdə olduğu zolağa doğru dönməsini görüb avtomobilini sağa, yəni bardyora doğru sıxıb əyləci sıxsa da xeyri olmamış və nəticədə velosipedçi uşaq hərəkətdə olan avtomobilinin sol güzgü, qanad hissəsinə dəyərək yerə yıxılmışdır. Bundan sonra sürücü o, avtomobili saxlayaraq maşından düşərək həmin uşağı maşina otuzdurub xəstəxanaya aparmış, xəstəxanada həmin uşağa ilkin yardım göstərilmiş və ciddi bir şeyin olmadığına görə evə buraxılmış, bundan sonra uşağı evlərinə aparıb valideynlərinə təhvil verməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs 2018-ci il təvəllüdlü X1 qanuni nümayəndəsi - anası X5 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evə tanımadığı bir kişi 2018-ci il təvəllüdlü oğlu Fərman Məmmədovla birlikdə gəlmiş və ona bildirmişdir ki, Binə qəsəbəsi Ə.İsazadə küçəsi ilə öz avtomobili ilə hərəkətdə olarkən Fərman velosipedlə asfalt yola çıxmış və nəticədə onun idarə etdiyi avtomobilə dəyərək yıxılıb xəsarət almışdır. Bundan sonra həmin şəxs Fərmanı xəstəxanaya aparıb orada müayinə etdirdikdən sonra evə gətirmişdir. Sürücü xəstəxana xərclərini tam ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunun nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs 2018-ci il təvəllüdlü X4 anası X2 iştirakı ilə göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşamçağı evlərinin yanında idarə etdiyi velosipedlə asfalt yola çıxmış və həmin vaxt oradan keçən avtomobilə dəyərək yıxılıb xəsarət almışdır. Bundan sonra sürücü onu xəstəxanaya aparıb orada müayinə etdirdikdən sonra evə gətirmişdir. Sürücüdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 880 saylı rəyindən görünür ki, 2018-ci il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarətlər xx.xx.2023-cü il tarxli YNH-nə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, İİ qrup əlil olması, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəymiş ziyanı öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı tamamilə öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2370/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2370/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver