Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2379/2024 21.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətinin əməkdaşları Binə qəsəbəsində yerləşən kafedə 2 nəfər şəxsin kafenin sahibi ilə hesab barəsində mübahisə etdiklərini görmüşlər və ona görə onları 2-ci Polis şöbəsinə dəvət etmişlər. Bu barədə rəhbərliyə raportla müraciət etmişlər. Tərəfindən raport əsasında araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, tanışı Cavidlə kafedə çörək yemişlər. Sonda hesabın çox olmasını görüb bu barədə kafenin işçisindən soruşmuşlar, həmin zaman onlara kafenin sahibi yaxınlaşmış və onlar hesab barədə kafeni işlədən şəxsdən soruşmuşlar. Bu səbəbdən kafeni işlədənlə aralarında mübahisələri baş tutmuşdur. Bu zaman həmin kafedə yan stolda əyləşmiş polis əməkdaşları onlara yaxınlaşmış, burada səs-küy salaraq ictimai qaydanı pozmamalarını və çölə çıxaraq orada söhbət etmələrini bildirmişdir. Çölə çıxaraq kafenin qapısının qarşısında söhbət etməyə başlamışlar. Kafeni işlədən şəxs onlara burada polis əməkdaşlarını olduqlarını və mübahisə yaratmamalarını bildirmişdir. O, heç bir pis hərəkət etmədiyini, yedikləri yeməyə görə hesabın çox hesablandığını bildirmişdir. Bu zaman tanışı Cavid polis əməkdaşlarının hesabla bağlı nə anlayışlarının olacağını, onların 3-5 manat pul verərək işə düzələrək işlədiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getmələrini demişlər. Cavidi post patrul avtomobilinə əyləşdirmişlər, o isə sakit dayandığını, heçnə etmədiyini bildirdiyindən polis əməkdaşını biri ona getməsini demiş, digəri isə onu da avtomobilə əyləşdirməsini söyləmişdir. Ona görə onu da polis avtomobilinə əyləşdirmişlər. O, içkili olduğundan avtomobilə mindiyi vaxtı əsəbləşmiş pul qabını yerə çırparaq işindən etdiklərini bildirmişdir. Buna görə də avtomobilin içərisində olan zaman təhqiramiz ifadələr işlətmişdir. Həmçinin bildirmişdir ki, tanışı Cavidlə hər biri 200 qram araq içmişlər. İçkili olduğundan, onu da günahsız yerə polis şöbəsinə apardıqlarından və nəticədə işsiz qalacağına görə təhqiramiz ifadələr işlətmişdir. Lakin, nə kafedə, nə də çölə çıxdıqdan sonra heç kimə qarşı təhqiramiz ifadələr işlətməmiş, o ümumiyyətlə heç kimlə mübahisə etməmişdir. Hazırda onun günahı olmadığını nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətinin polis nəfəri, polis baş serjantı X4 ifadəsində bildirdi ki, fasilə vaxtları olduqlarından kafedə əyləşərək çay içmişlər. Bu zaman Namiqin yanında olan şəxs, Cavid kafenin işçisi ilə hesab barəsində uca səslə mübahisə etdiklərini görmüşlər. Mübahisə hesab barəsində olduğundan və bu halda hər hansı bir pozuntu müəyyən etmədiklərindən müdaxilə etməmişlər. Bir az müddətdən sonra kafenin işlədən şəxs gəlmişdir. Namiqlə Cavid onunla yüksəl səslə mübahisəni davam etdirmişlər. Mübahisə zamanı kafeni işlədən şəxsə “polisə güvənib onlarla belə söhbət edirsən” dedikləri eşitdiklərindən onlara yaxınlaşaraq çölə çıxmalarını, ətrafdakı şəxslərə narahatçılıq yaratmamaları bildirmişdir. Çöldə olan zaman onlar hamının polis əməkdaşı üçün bir olduğunu bildirmişlər. Bu zaman Namiq onlardan nə qədər maaş aldığını soruşmuş, o, onların nə qədər əmək haqqın aldığının onlara aidiyyətinin olmadığını bildirmişdir. Bu zaman Namiqin yanında olan şəxs “bunlar pul verib işə düzəlib, onlardan niyə soruşursan” demişdir. Polis əməkdaşlarının şərəf və ləyaqətini alçadıcı söz işlətdiyindən Cavidi avtomobilə əyləşərək onlarla birlikdə polis şöbəsinə getməsini demişdir. Cavid avtomobilə əyləşmiş, xidmətdə olduğu iş yoldaşı Namiqin də söyüş söydüyünü bildirərək onu da avtomobilə əyləşdirməsini söyləmişdir. Ona görə Namiqi də polis şöbəsinə aparmaları üçün avtomobilə əyləşdirmişdir. Namiq avtomobilə əyləşdikdən sonra da avtomobilin hissələrinə vuraraq onlara qarşı söyüşlər söyməyə başlamışdır. O, Namiqin avtomobilin içərisində olan söyüşlərinin təsdiqi üçün telefonunda çəkişlər aparmışdır. Hər ikisini şöbəyə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətinin polis nəfəri, polis serjantı X5 ifadəsində bildirdi ki, çay fasiləsində Binə qəsəbəsində olan kafedə əyləşərək çay içmişlər. Bu zaman Şəxs və yanında olan şəxs kafenin işçisi ilə yüksək səslə hesab barəsində mübahisə etməyə başlamışdır. Az sonra onlara kafeni işlədən şəxs yaxınlaşmışdır. Bundan sonra onlar kafenin işlədən şəxslə mübahisəni davam etdirmişlər. Bu zaman kafedə başqa şəxslərdə olmuşdur. Mübahisə zamanı Şəxs kafenin sahibə polisə güvənərək onlarla bu formada söhbət etdiyi bildirmişdir. Bundan sonra onlara yaxınlaşmışlar və ətrafdakılara narahatçılıq törətməməklərini bildirərək söhbətlərini çöldə etməklərini bildirmişlər. Həmçinin onlara kafenin sahibi ilə yüksək səslə mübahisə etdiklərinə və ətrafdakılara narahatçılıq törətdiklərinə görə çölə çıxmalarını söyləmişlər. Çölə çıxdıqdan sonra onlara hamının polis əməkdaşı üçün bir olduğunu, polisin köməyinə ehtiyacı olan hər bir şəxsin polisə güvənə biləcəyini demişlər. Şəxs onlara nə qədər maaş aldıqlarını soruşmuşlar. Onlar nə qədər maaş almalarının onlara aidyyətinin olmadığını bildirmişlər. Bu zaman Namiq yanında olan şəxs, Cavid kənara çəkmiş və Cavid “bunlar pul verib işə düzələn adamlardır, bunlar nə bilir ki,” demişdir. Həmçinin Namiq uca səslə onlara söyüşlər söyməyə başlamışdır. Buna görə onları polis şöbəsinə dəvət etmişlər. Cavid etiraz etmədən avtomobilə əyləşmiş, Namiq isə etiraz edərək nə üçün onu polis şöbəsinə apardıqlarını bildirmişdir. Ona hadisədə iştirak etdiyini və onun da izahatının alınmalı olduğu bildirmişlər və avtomobilə əyləşdirmişlər. Avtomobildə olan zaman Namiq avtomobilə vuraraq onlara qarşı söyüş söyməyə daavm etmişdir. Həmçinin ifadəsində bildirdi ki, çöldə olan zaman səs-küyə ətrafda olan şəxslər gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, hadisənin baş verdiyi Binə qəsəbəsində yerləşən kafeni icarəyə götürməklə işlədir. Namiqlə Cavid kafedə yemək yedikdən sonra hesabı yazılı surətdə onlara təqdim etmələri istədiklərinin hesab qaimə formasında təqdim edilmişdir. Bundan sonra onlar yedikləri buğlamanın qiymətinin çox olması səbəbindən mübahisə etmişlər. Bu zaman kafedə əyləşmiş iki nəfər polis əməkdaşları onlara yaxınlaşaraq yüksək səslə mübahisə etməmələrini, ətrafdakı şəxslərə narahatçılıq törədərək ictimai qaydanı pozmamalarını, çölə çıxararaq sakit formada orada söhbət etmələrini bildirmişdir. Bundan sonra onlar çölə çıxmışlar. Çölə çıxdıqdan az sonra o, iş fəaliyyəti ilə əlaqədar kafeyə geri qayıtmış və şəxslərlə polis əməkdaşları arasında baş verənləri görməmişdir. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs sərxoş vəziyyətdə “Atlı” adlı kafedə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/11780 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. -inzibati qaydada tutma haqqında AZ 015340 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş səs yazıları məhkəmə iclasında tədqiq edilmiş və həmin səs yazılarında Şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş Post patrul xidmətinin əməkdaşları ilə mübahisə edərək təhqiramiz ifadələr işlətdiyi müəyyən edilmişdir. Şəxs səs yazılarında olan təhqiramiz ifadələrin onun tərəfindən işlədiyini təsdiq edərək işini itirəcəyinə görə əsəbləşərək bu hala yol verdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafedə Şəxs, tanışı X2 ilə birlikdə sərxoş halda yedikləri yeməyin hesabının çox olması hesab etdiklərinə görə kafedə olan digər şəxsləri nəzərə almadan uca səslə kafeni işlədən X9 ilə mübahisə etməyə başlamışlar. Bu mübahisənin kafedə olan şəxslərə narahatçılıq yaradıldığını müşahidə edən və həmin zaman orada olan Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq ictimai qaydaya əməl etmələrini və kafedən çölə çıxaraq söhbət etmələrini bildirmişlər. Çölə çıxdıqdan sonra isə onlar heç bir səbəb olmadan polis əməkdaşları ilə mübahisə etməyə və onlara qarşı təhqiramiz ifadələr işlətməyə başlamışlar. Bununla da müəyyən olunur ki, Şəxs tanışı X2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafedə ilkin olaraq sərxoş halda kafenin işlədən şəxslə səs-küy yaradaraq mübahisə etməklə, daha sonra isə həmin kafenin qarşısında səbəbsiz olaraq ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edərək onlara qarşı təhqiramiz ifadələr işlətməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etmişdir. Bu hallar, iş materialları ilə, özünün izahatı və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri vardır və o, bu maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını, həmçinin onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə çatmasının mümkün olmayacağını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə hesab edir ki, həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4 (dörd) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2379/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2379/2024
21.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver