Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2381/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Sədirxan Həsənlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Füzuli rayonu Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Buzovna qəsəbəsi ünvanında şəxsi avtomobili ilə hərəkətdə olarkən dayanacaqda mübahisə etmiş, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Sədirxan Həsənli tərəfindən 23 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Sədirxan Həsənli tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:10 radələrində “Chery” markalı avtomobili ilə hərəkətdə olarkən ictimai nəqliyyatın dayanacağa daxil olmasına maneə yaradaraq ətrafdakı vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Bununla əlaqədar Baş Polis İdarəsinin rəisi xidməti avtomobillə yaxınlaşaraq avtomobili ordan götürməsini tələb etsə də, avtomobili qəsdən götürməyərək polisin qanuni tələblərinə tabe olmayaraq və ətrafdakı sürücülərlə mübahisə edərək vətəndaşlar arasında ikrah hissi yaratmışdır. Bundan sonra hadisə yerinə 2-ci Polis Şöbəsinin əməkdaşları getmişlər. Polis əməkdaşı yaxınlaşaraq ondan sənədlərini tələb etmiş və hüquq və vəzifələrini ona izah etmişdir. Lakin, o yenə də nəticə çıxarmamışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək polis şöbəsinə getməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməli etiraf etməyərək məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 08:00 radələrində yaşadığı ünvandan çıxaraq üzü şəhər istiqamətində hərəkət edərkən o, saxlayıb sərnişin götürmək istəyərkən “Toyota Prius” markalı avtomobil ona yaxınlaşaraq düzgün saxlamadığını ona irad bildirmişdir. Daha sonra həmin avtomobilin sürücüsü avtomobilini onun avtomobilinin qarşısına sürüb çölə çıxaraq onunla kobud danışmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. O, dayanma və durma qaydalarını pozmuşdur. Lakin, o, polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Polis əməkdaşları onu bölməyə dəvət edən zaman dərhal razılaşmış və onlarla getmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin DYPİ YPXA-nın inspektoryu X.T.Ağamalıyev ifadəsində göstərdi ki, inspektor K.M.Məmmədovla xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə rabitə kanalı vasitəsilə 1 nəfər şəxsin tabesizlik göstərdiyi bildirilmişdir. Dərhal hadisə yerinə gəlmişlər. Orada məlum olmuşdur ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:10 radələrində “Chery” markalı avtomobili ilə hərəkətdə olarkən ictimai nəqliyyatın dayanacağa daxil olmasına maneə yaradaraq avtobus dayanacağında avtomobilini saxlamış, sonra isə digər nəqliyyat vasitəsinin sürücüsü ilə mübahisə etmişdir. Bununla əlaqədar Baş Polis İdarəsinin rəisi xidməti avtomobillə yaxınlaşaraq avtomobili ordan götürməsini tələb etsə də, sürücü Şəxs avtomobili qəsdən götürməyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar sürücüyə yaxınlaşdıqda sürücünün əsəbi və gərgin olduğunu görmüşlər. Tələb etməklərinə baxmayaraq sürücü avtomobilini ərazidən uzaqlaşdırmamış və polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmədə digər şahid Bakı şəhər BPİ-nin DYPİ YPXA-nın inspektoryu K.M.Məmmədov şahid X.T.Ağamalıyevin ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiklərini bir daha təsdiq etdi. Digər şahid X2 məhkəmədə qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə saat 08:10 radələrində qohumu Şəxs onu öz avtomobili ilə götürərək şəhər istiqamətində hərəkət etmişlər. Buzovna qəsəbəsi ərazisində daha bir nəfəri götürmək üçün Asəf avtomobili avtobus dayanacağında saxlamışdır. Bu zaman tanımadıqları “Toyota Prius” markalı avtomobil ona yaxınlaşaraq düzgün saxlamadığını ona irad bildirmişdir. Daha sonra həmin avtomobilin sürücüsü avtomobilini onun avtomobilinin qarşısına sürüb çölə çıxaraq onunla kobud danışmışdır. Sonra xidməti polis maşınında polis əməkdaşı onların avtomobilinin yanında saxlayaraq sürüb getmələrini tələb etmişdir. Həmin vaxtı digər sürücü Asəfə qarşı aqressiv və kobud danışdığından sonuncu əsəbləşərək özündə olmamışdır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilir ki, ictimai nəqliyyat üçün ayrılmış dayanacaqda minik avtomobili saxlayır. Sonra digər avtomobil bir neçə saniyə ərzində onun yanında saxlayaraq sürüb qarşısında saxlayır. Daha sonra xidməti polis maşını həmin avtomobilin yanında paralel olaraq saxlayır, qısa müddət sonra həmin əraziyə digər polis maşını gəlir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-cu maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2381/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2381/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver