Məhkəmə qərarları › İş №3(003)-2394/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2394/2023

09.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2394/2023 09.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, məhkəmə iclas katibi Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 iştirakı ilə, Şəxs, xx.xx.1988-ci il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 09 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 07 sentyabr 2023-cü il tarixdə barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati icraatda olan X1 RPİ-nin 9-cu PŞ-dən gətirilən zaman vətəndaş polisin qanunu tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, 07 sentyabr 2023-cü il tarixdə 1-ci polis bölməsinin əməkdaşları tərəfindən qanunun tələblərini pozduğu üçün 1-ci polis bölməsinə aparılmışdır. Həmin vaxt o, polis əməkdaşlarına hər hansı bir tabesizlik göstərməmişdir. Sonda Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil Şəxs hərəkətlərində AR İXM-nin 535.1-ci maddənin tərkibinin olmadığını qeyd edərək məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X6 məhkəmədə bildirdi ki, 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati icraatda olan X1 RPİ-nin 9-cu PŞ-dən gətirilən zaman vətəndaş polisin qanunu tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Y.Yusifzadə və Emin Abbasov tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati icraatda olan X1 RPİ-nin 9-cu PŞdən gətirilən zaman vətəndaş polisin qanunu tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. İş materialarına əlavə edilmiş L.D.Zayıbovun Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində verdiyi yazılı izahatından görünür ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu PŞ-dən 1-ci Polis Şöbəsinə gətirilmiş və orada izahatı alınmşdır. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs 07 sentyabr 2023-cü il tarixdə barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati icraatda olan X1 RPİnin 9-cu PŞ-dən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmiş, orada izahatı alındıqdan sonra barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmır. Belə ki, X2 07 sentyabr 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu PŞ-dən 1-ci PB-nə gətirilən zaman polis əməkdaşlarının vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa dair hər hansı bir mötəbər sübut məhkəmə iclasında təqdim edilməmiş və hər hansı sübut iş materiallarında mövcud deyildir. İXM-in tələblərinə (Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi) əsasən sübut etmək vəzifəsi X2 üzərinə düşmədiyindən və məhkəməyə X4 tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, 08 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında o, İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bütün bu qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, X2 polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması hərəkətlərini etməsi sübuta yetirilmir. Odur ki, onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində qeyd edilən maddə ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar