Məhkəmə qərarları › İş №3(003)-244/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-244/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-244/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, 23.021961-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 küçəsi, 53/3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilkin verdiyi izahatında baş vermiş hadisədə onun günahının olmadığını, həmçinin digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs olmadığını bildirmişdir. Daha sonra isə baş vermiş hadisənin əks olunmuş video görüntüsünə baxış keçirildikdən sonra “Toyota Prado” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs olduğunu anlamışdır. Hazırda baş vermiş hadisədə özünü təqsirli bilir. Belə ki, səhv edərək dönmə əməliyyatına həyata keçirmişdir. Hazırda barəsində müvafiq cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclaslarında Zərərçəkmiş şəxs izahatlarında bildirmişdir ki, Toyota Prado” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü o olmuş, avtomobil arvadına məxsus olmuş, etibarnamə əsasında idarə etmişdir. Hadisə zamanı ona xəsarət yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi iştirak etməmiş, məhkəmə, işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Toyota Prado” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığından onun barəsində həmin maddə ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Xəzər DYPŞ-nə göndərilməsi, həmçinin “BMW” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində həmin maddə ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X4 şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prado” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi “BMW” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələn yol nəqliyyat hadisəsi Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması, eyni zamanda Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozması səbəbindən baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almışdır. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1400 nömrəli ekspert rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının, boynun və sol əlin İ barmağının yumşaq toxumalarının əzilməsi, sağ dizin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prado” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi “BMW” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələn yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi həmçinin Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozulması səbəbindən baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bununla da müəyyən olunur ki, Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar